İşğaldan azad olunmuş ərazilərdə sahibkarlar üçün yeni imkanlar yaradılır

İşğaldan azad olunmuş ərazilərdə xidmət sahəsi üzrə layihələr güzəştli kredit mexanizmi ilə dəstəklənir. SİA Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, xidmət sahəsi üzrə layihələrin dəstəklənməsi 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir.

Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməklə ictimai iaşə (restoran, kafe, yeməkxana, bufet və s.), ictimai nəqliyyat (müəyyən marşrut xətti üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasının həyata keçirilməsi) və digər xidmət sahələrinin inkişafını nəzərdə tutan layihələr bu prioritet istiqamətə aid edilir.Sahibkarlar belə layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər.

Fonddan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri həyata keçirən sahibkarlara iki istiqamətdə dəstək göstərilir. Birinci istiqamət güzəştli kreditlərin verilməsidir. Fond güzəştli maliyyə vəsaitini əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara çatdırır. 2022-ci ildən indiyədək 10 layihə üzrə 21,6 milyon manat güzəştli kredit təqdim olunub.

İkinci istiqamət sahibkarların işğaldan azad olunmuş ərazilərdə reallaşdıracaqları investisiya layihələrinə cəlb edəcəkləri kommersiya kreditləri üzrə Fond tərəfindən 90 faizədək zəmanətin təqdim edilməsidir. Bu zaman faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılır. Bu kreditlər üçün maksimal faiz dərəcəsi həddi 15 faizdir. Bunun da 10 faiz bəndi Fond tərəfindən subsidiyalaşdırılır. Həmçinin kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 2024-cü il fevralın 1-dən bu mexanizm üzrə aktiv fəaliyyətə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə