Azərbaycanın ətrafında ekoloji deyil, məhz siyasiləşdirilmiş çirkli atmosferi görürük - STM SƏDRİ

Kioto sazişinə qoşulmayan ölkələrin Azərbaycan ətrafında ekoloji deyil, məhz siyasiləşdirdikləri dumanlı, çirkli bir atmosferi görürük. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

O bildirib ki, Qarabağda erməni irsinin taleyindən, insan haqlarından danışanların, sülh müqaviləsinin Azərbaycanın maraqlarının ziddinə imzalanmasına çalışanların və gündəmi süni şəkildə formalaşdıranların bir faizi belə uzun illərdir mina ilə çirklənən torpaqların təmizlənməsinə, indi isə təkbaşına mübarizə apardığımız qlobal problemə əl uzadıb bircə kəndi, yaxud küçəni abadlaşdırıb vətəndaşlarımıza verməkdə maraqlı deyillər.

“Halbuki qlobal iqlim razılaşması o halda mümkündür ki, birinci növbədə, siyasi atmosfer və ədalətli beynəlxalq təhlükəsizlik sistemi yaradılsın. Siyasi iqlim normallaşmasa, ekosistemdə və ya ekoloji coğrafiyada harmoniya olmayacaq”, - deyə Zahid Oruc vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə