Azərbaycanın məqsədi yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir - Muxtar Babayev

COP29-un əsas mövzusu və prioriteti iqlim maliyyəsidir. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Forumunda səsləndirib.

İqlim dəyişmələləri ilə mübarizə istiqamətində Azərbaycanın gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışan M.Babayev iqlim dəyişmələrinin iqtisadiyyata, kənd təsərrüfatına və digər sahələrə təsirsiz ötüşmədiyini qeyd edib.

“Dünya Bankının məlumatlarına görə, əgər heç bir tədbir görülməzsə, iqlim dəyişikliyi 2050-ci ilədək ölkələrin ÜDM-inə ciddi təsir göstərə bilər. Qlobal ÜDM-in iqlim dəyişikliyindən zərər görən regionlarda, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 3-5 faizə qədər azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, əgər iqlim dəyişikliyinə qarşı tədbirlər görülməsə, dünya iqtisadiyyatı xüsusilə su qıtlığı, kənd təsərrüfatı istehsalında azalma, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrinin artması səbəbindən uzunmüddətli ziyanla üzləşə bilər.

Son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə, quraqlığın davamiyyəti isə 20 faizdən çox artıb”, - deyə nazir bildirib.

M.Babayev vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız milli deyil, qlobal səviyyədə də yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. COP29 tədbiri dövlətlər və beynəlxalq təsisatlarla yanaşı, iqlim dəyişmələri danışıqlarında maraqlı olan digər tərəflər – ekofəallar, uşaq və gənclər, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün də platforma olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə