“Azerspace-2” peykinin orbitə buraxılmasından 6 il ötür

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılmasından 6 il ötür. SİA xəbər verir ki, ABŞ-ın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunan “Azerspace-2” 2018-ci il sentyabrın 26-da Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb. Peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində növbəti inqilabi hadisə - Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace-2”

2018-ci il sentyabrın 26-da orbital mövqeyinə buraxılan “Azerspace-2” “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatıdır. Bu da öz növbəsində “Azərkosmos”a ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradıb. 2023-cü ildə “Azerspace- 1” və “Azerspace-2” peyklərindən ümumilikdə 210 televiziya və radio kanal yayımlanıb.

Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər, Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Yeni peykin əhatə dairəsi Mərkəzi və Cənubi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq regionları olmaqla geniş ərazini əhatə edir. “Azerspace-2”nin əsas üstünlüklərindən biri odur ki, “Azerspace-1” işlək vəziyyətdə olduğu halda, burda yarana biləcək texniki problemləri siğortalamaq qabiliyyətinə malikdir. Yeni peyk həmçinin ehtiyat qismində də çıxış edə bilər. “Azerspace-1” peykində hər hansı bir problem yarandığı təqdirdə, bu dərhal problemin aradan qaldırmaqla yanaşı, dünya standartları səviyyəsində xidmət göstərilməsini təmin edir. Ümumlikdə, “Azerspace-2” ölkəmiz üçün informasiya təhlükəsizliyinin təmin olunmasına fayda verir. Ölkədə internet infrastrukturunu inkişaf etdirməkdə “Azərspace 2”nin imkanlarından maksimum istifadə edə biləcəyik. Bu peyklərin hərbi əhəmiyyəti də var. Hərbi əməliyyatlar zamanı müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür. “Azərspace-2”dən istifadə ölkədə internetin ucuzlaşmasına, keyfiyyətinin artmasına da gətirib çıxarıb. Eləcə də ayrılan kanalların həcmini istənilən qədər genişləndirmək olar. Peyk həmçinin korporativ olduğu üçün dünyanın bütün ölkələri ondan yararlana biləcək. Xüsusilə də Mərkəzi Asiya ölkələrinin ona ehtiyacı var.

Azərbaycan peykinin Vətən müharibəsindəki müstəsna rolu

Azərbaycan peyki 44 günlük Vətən müharibəsinə də öz töhfəsini verdi. Düşmənin məkrli planlarının, təxribatlarının üzə çıxarılmasında, Ermənistan rəhbərliyinin öz xalqına və dünyaya ötürdüyü yalan informasiyaların qarşısının alınmasında, həmçinin döyüş zamanı mövcud vəziyyət barədə daha dəqiq məlumatların alınmasında peyklərimizin rolu danılmazdır. Müharibə zamanı baş verən bütün hadisələri müntəzəm olaraq izləyə və onlara nəzarət edə bilirdik.

Azərbaycan kosmik qanunu olan azsaylı ölkələrdəndir

2023-cü il avqustun 30-da Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir. Qanun kosmik fəaliyyətin subyektlərinə şamil olunur. Azərbaycanın hava məkanı daxilində kosmik obyektə münasibətdə Azərbaycanın müvafiq qanunları şamil edilir.

Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb

Artıq Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var. Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib, müəyyən bir orbital mövqe sırf ölkəmizə müəyyən tezliklər üçün ayrılıb. Hazırda Azərbaycan istədiyi zaman orbitə peyk qaldıra bilər. Ötən ilin dekabrından başlayaraq “Azərkosmos”un intellektual məhsulu olan radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramı Bəhreyn Krallığının “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edilib. Bu yaxınlarda isə həmin biliklər Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim olunub. Hazırda bu proses davam etməkdədir. Kosmik məhsullarımızın ixracı növbəti addımda İraq, Toqo, Seneqal kimi ölkələrə həyata keçiriləcək.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın özünün kosmik sənayesini inkişaf etdirməsi ölkəmizin qarşısında yeni, daha geniş imkanlar açır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə çatır. Sentyabrın 26-da “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması müstəqil respublikamızın növbəti tarixi qələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə