İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi ölkəmizdə ən mühüm vəzifələrdən biri kimi bəyan edilib - Ziyafət Əsgərov

Sürətlə dəyişən rəqəmsal dünyada nisbətən yeni olan kiberdiplomatiyanın vacibliyini hər birimiz çox yaxşı dərk edirik. Birinci Beynəlxalq Kiberdiplomatiya Konfransına ev sahibliyi etməyimiz ölkəmizin kiberdiplomatiya sahəsində atılan mühüm addımlarının göstəricisidir. SİA xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Bakıda keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransında bildirib.

“Təsadüfi deyil ki, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi ölkəmizdə Milli Təhlükəsizlik Konsepsiyasında ən mühüm və uzunmüddətli vəzifələrdən biri kimi bəyan edilib. Bu vəzifənin həyata keçirilməsi üçün son illər ölkəmizdə normativ-hüquqi, texnoloji və təşkilat sahəsində böyük işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə imzaladığı çoxsaylı fərman və sərəncamları ilə yanaşı Milli Məclisdə də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində bir sıra mühüm qanunlar qəbul edilib. Qeyd etmək istərdim ki, informasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunda dəyişikliklər edilməsi barədə cari ilin iyununda qəbul edilmiş qanunla qanunvericilik sistemində dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin ehtiyat və sistemlərin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi, vahid reyestrin yaradılması, informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı normalar nəzərdə tutulub”, - deyə Ziyafət Əsgərov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə