"Ötən ilki payız ucuzlaşmasını görə bilməyəcəyik" - MÜNASİBƏT BİLDİRİLDİ

“Hazırda yay aylarındakına nisbətən meyvə-tərəvəzdə müəyyən ucuzlaşma var. Məsələn, pomidor hardasa 1 manat - 1 manat 30 qəpiyə qədər ucuzlaşıb, almanı 80 qəpiyə tapmaq olur”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, digər məhsulların da qiymətində müəyyən normallaşma var: “Məsələn üzüm 1 manat yarımdır, 2 manata da var. Nar təzə çıxır bir qədər bahadır, yəqin ki, bollaşdıqca ucuzlaşacaq. Ümumiyyətlə, əvvəllər də qeyd etdiyimiz kimi bu il ötən ilki payız ucuzlaşmasını görə bilməyəcəyik. Bunun səbəblərindən biri odur ki, bu il meyvə-tərəvəz qıtdır. Yəni hava şəraiti ilə bağlı olaraq məhsuldarlıq aşağıdır.

Digər tərəfdən, ötən ildən indiyə qədər bir il ərzində xeyli inflyasiya gedib. Bu inflyasiya da məhsulların qiymətinə təsirsiz ötüşmür. Ona görə də bəzi meyvələrdə ötən ilkinə nisbətən xeyli bahalaşma var. Məsələn, zoğal 1 manat 50 qəpik - 2 manat idi keçən il bu vaxt, indi zoğalın qiyməti 3 manat - 3 manat 50 qəpiyə qədər qalxıb.

Digər məhsulları da, digər meyvə-tərəvəzləri də ötən ilki dövrlə müqayisə edəndə qiymətlər bir qədər bahadır. Yəni bunun da səbəbi iki istiqamətdəndir. Birincisi, məhsuldarlıq aşağıdır, ikincisi inflyasiya gedib, hələ üçüncüsü də var. Son aylarda yanacağın qiyməti də bahalaşıb və bu bahalaşmanın da meyvə-tərəvəzin maya dəyərinə müəyyən qədər təsiri var. Yəni daşımalar bu baxımdan önəmlidir. Amma gələn il artıq həm də indiki o baha yanacaq qiymətləri ilə bu məhsullar becəriləcəkdir. Gələn il hesab edirəm ki, qiymətlərə bir qədər də daha çox təsir edəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə