“Dizelin qiymətinin benzinə yaxınlaşması fəlsəfi məna daşıyır” - AYDINLIQ GƏTİRİLDİ

“Tarif Şurası tərəfindən verilən qərar onu göstərdi ki, Neft Emalı Zavodunda istehsal olunan həm Aİ 92, həm də Aİ 95 benzini Avro5 standartına çatdırılıb. Bu, müsbət addımdır. Çünki 2014-cü ildən bəri hətta Avro3, Avro4 səviyyəsində belə yanacaq əldə etmək çətin idi. Ümid edirəm ki, SOCAR bütün yanacaqdoldurma məntəqələrinə keyfiyyətli yanacaq satmaqla yanaşı, həm də digər qurumlarla birlikdə yanacağın keyfiyyətinin dəyişdirilməməsi, sürücülərə daha aşağı oktanlı benzin satılması kimi əməllərin qarşısını alacaq”. Bu sözləri SİA-ya danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Elməddin Muradlı bildirib ki, ümumilikdə Aİ 92 markalı benzinin qiymətinin 10 qəpik artırılması fonunda keyfiyyətin daha da yüksəldilməsi o qədər də ciddi problem yaratmayacaq: “Ancaq dizelin qiymətinin benzinə yaxınlaşması tamam başqa fəlsəfi məna daşıyır. Səbəb odur ki, artıq dünyanın bir çox ölkələri daha ciddi ekoloji problemlər yaratdığına görə dizel yanacağının istifadəsindən imtina edir. Bəziləri isə hətta dizel mühərrikli avtomobillərin istehsalını məhdudlaşdırmaqla yanaşı, həm də öz ölkələrində onun istismarını qadağan edirlər. Məsələn, bu addımı bir neçə il öncə Almaniya hökuməti atdı. Həmin ölkənin bir sıra bölgələrində dizel mühərrikli avtomobillərin istismarı qadağan edilib və bu tip avtomobillər ümumiyyətlə, istismar olunmur. Əksinə, elektrik və hibrid avtomobillər daha da üstün olub. Azərbaycanda da dövlət tərəfindən yürüdülən bu siyasətin başlıca məqsədi insanların marağını ekoloji təmiz avtomobillərə yönəltməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə