"Forumun Azərbaycanda keçirilməsi ölkəmizin siyasi uğurudur” - DEPUTAT RƏY BİLDİRDİ
“Enerji Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin böyük siyasi uğuru deməkdir. Baxmayaraq ki Azərbaycan dünya enerji bazarında çox da böyük bir paya malik deyil və bizdən başqa onlarla ciddi enerji satıcısı olan ölkələr var, bununla belə bu tədbir vaxtaşırı olaraq Azərbaycanda baş tutur. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində düşünülmüş və hər tərəfin maraqlarına uyğun bir siyasət yeridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji sahəsində yenilikləri izləyir və hər zaman öz təcrübəsini dünya ilə bölüşməyə hazırdır: “Azərbaycan dünyanın enerji problemlərinin həllində digər ölkələrlə əməkdaşlığa həmişə üstünlük verir. Çox sayda ölkədən iştirak edən nümayəndələr ilk növbədə enerji sahəsində sabah üçün plan qururlar, digər tərəfdən də Azərbaycanı yaxından tanıya bilirlər. Azərbaycan öz dövlət müstəqilliyini daim mübariz şəkildə müdafiə edir, öz torpaqlarını Ermənistanın işğalından təkbaşına azad etdi. Dövlətimiz bu gün işğaldan azad olunan ərazilərdə müasir yaşayış tərzi qurur. Bunların hər biri Azərbaycan üçün çox əhəmiyyətlidir”.
“Şübhəsiz ki, iştirakçılar arasında Azərbaycanla əməkdaşlıq etmək, investisiya qoymaq istəyənlər də tapılacaq. “Yaşıl enerji” sahəsində Azərbaycanın təcrübəsi olduqca maraqlıdır. Artıq bir neçə möhtəşəm günəş elektrik stansiyası fəaliyyət göstərir və digərlərinin də qurulması istiqamətində işlər görülür. İşğaldan azad olunan ərazilərimiz əsasən “yaşıl energetika” ilə əhatə olunacaq. Hesab edirəm ki, bunlarla yanaşı Azərbaycanın mədəniyyəti, bugünkü yaşayışı, milli xüsusiyyətləri də qonaqların xoşuna gələcək. Prezident İlham Əliyevin tədbirin açılışı zamanı çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Onlar gənc bir dövlətin öz maraqlarını beynəlxalq hüquqa söykənərək necə uğurla müdafiə etdiyinin bir daha şahidi oldular”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB