400-ə yaxın qeyri-yaşayış obyekti dövlət qeydiyyatına alınıb

Bu günədək Azərbaycanda 384 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin olunub. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində ölkədə 5 929 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib.

Mülkiyyət sənədlərini - qeyri-yaşayış binalarına dair çıxarışı və texniki pasportu əldə edənlər arasında paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sahibkarlar da vardır.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə