“Yeni ideyaların tətbiq olunmasına ehtiyac var” - DEPUTAT FİKİR BİLDİRDİ

“Əksər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da startapların yaradılması daha prioritetdir. Eyni zamanda startaplarla bağlı Vergi Məcəlləsində də xüsusi güzəştlər nəzərdə tutulub. Məqsəd startapların daha yaxından dəstəklənməsinə nail olmaqdan ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat sözlərinə belə davam edib: “Təbii ki, ilk növbədə həm kiçik biznesin, həm də startapların yaradılması birbaşa sahibkarların maliyyə resurslarına çıxış imkanlarından, eləcə də onların bu istiqamətdə yeni idealarından asılıdır. Çünki ideyalar bu istiqamətdə çox vacibdir. Yeni ideyaların tətbiq olunmasına və genişləndirilməsinə ehtiyac var. Xüsusən biznes ideyalarının reallaşması üçün sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması çox vacibdir.

Azərbaycanda sahibkarlara tətbiq olunan güzəştli kreditlərin həcmində artımlar var. Xüsusən Qarabağ və Şərqi Zəngəzurda investisiya qoyuluşu həyata keçirən sahibkarlar üçün uzunmüddətli vergi güzəştləri, kredit faizlərinin subsidiyalaşdırılması həyata keçirilir. Məqsəd də həm sahibkarlığın inkişafına dəstək olmaq, yeni startapların yaradılmasını təşviq etmək və işğaldan azad olunmuş ərazilərimizə daha çox sərmayənin cəlb edilməsinə nail olmaqdan ibarətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə