“COP29-un Bakıda keçirilməsi “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır“ - KOMİTƏ SƏDRİ FİKİR BİLDİRDİ
“İqlim dəyişiklikləri, atmosferin çirklənməsi nəticəsində hər il dünyada 13 milyondan çox insan həlak olur. Ona görə də “yaşıl enerji”yə keçid həm ekoloji, həm iqtisadi, həm də insanların sağlamlığı baxımdan çox əhəmiyyətlidir. Bu, Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən biri sayılır. Bu gün ölkədə bu sahədə həyata keçirilən tədbirlər demək olar ki, öz müsbət nəticələrini verməkdədir. “Yaşıl enerji” sahəsində Azərbaycan beynəlxalq təşkilatlar, müxtəlif dünya dövlətləri və sərmayədarlarla fəal əməkdaşlıq etməkdədir. Məlum olduğu kimi, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasına ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulub. Bunun üçün müəyyən layihələr hazırlanıb və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu məsələlərin həyata keçirilməsi nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı nəzərdə tutub: “Əlbəttə ki, bunun üçün ölkədə imkanlar var. Artıq Azərbaycan enerjini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Sözsüz ki, “yaşıl enerji”yə keçid həm ölkəmizə müəyyən maliyyə vəsaitlərinin gətirilməsini, həm də insanların sağlamlığının qorunmasını təmin edəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəyə, insanların rifahına və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Bakıda keçirilməsi göstərir ki, Azərbaycan “yaşıl enerji”dən istifadə etmək məqsədlərini ali dəyər kimi qarşıya qoyub və bunun üçün ən mötəbər tədbirlərin keçirilməsini belə hədəfləyib”.
Deputat sözlərinə davam edərək bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin beynəlxalq aləmdə olan nüfuzunu göstərir: “Çünki bu tədbir ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bu gün Azərbaycan Prezidenti bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə tədbirlərin və “yaşıl enerji”yə keçidin məqsədi də məhz Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına, həm də dövlətimizin dünyada söz sahibi olmasına göstərilən səydir. Sözsüz ki bir çox tədbirlər kimi COP29-u da Azərbaycan uğurla həyata keçirəcək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirəcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB