İşəgötürən və işçinin SƏTƏMM ilə bağlı hansı öhdəlikləri var? - MÜNASİBƏT BİLDİRİLDİ

İşəgötürən və işçinin SƏTƏMM ilə bağlı hansı öhdəlikləri var? - MÜNASİBƏT BİLDİRİLDİ

"Vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, SƏTƏMM hərfi mənada:

S – Sağlamlıq (Health) – Peşə sağlamlığı iş yerlərində işçilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan, sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur:
"ƏT - Əməyin təhlükəsizliyi (Safety) - Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.

ƏMM – Ətraf Mühitin mühafizəsi (Environment) – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanmasıdır.

Qanunla işəgötürən və işçilər bəzi öhdəliklər daşıyırlar. Əmək Məcəlləsinin 215-ci maddəsinə görə, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

-əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;
-binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;
-bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; -işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;
-əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;
-normal əmək və istirahət rejiminə riayət edilməsini;
-işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;
-işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;
-kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini".

"Əmək Məcəlləsinin 216-cı maddəsinə görə, əməyin mühafizəsi üzrə işçilərin bir sıra öhdəlikləri vardır:
-əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
-əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;
-verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
-əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
-müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;
-əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə