"Cənub Qaz Dəhlizi Azərbaycanın əhəmiyyətini Avropa ölkələri üçün artırır" - EKSPERT RƏYLƏRİ

Cənub Qaz Dəhlizi və TANAP-TAP boru xətlərinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? SİA mövzu ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrənib

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, keçən ilin sonu və bu ilin əvvəlinə olan ixrac strukturlarına baxanda görürük ki, Azərbaycan ixracının 40-45%-i qaz ixracıdır: “Hətta 2022-ci ildə neft və qazın ixracı təxminən eyniləşmişdi. Yəni Cənub Qaz Dəhlizindən edilən ixrac Azərbaycanın ümumi ixracında bu qədər paya malikdir. Cənub Qaz Dəhlizinə daxil olan bir neçə element var. Orada birinci komponent “Şahdəniz”in istismarı, ikinci komponent TANAP-ın yaradılması, üçüncü komponent TAP-ın istifadəyə verilməsi idi. TANAP Bakıdan başlayaraq Gürcüstandan keçməklə Türkiyəyə qaz çatdıran boru xəttidir. Sonra TANAP-a TAP da əlavə olundu. TAP da dənizin dibindən keçməklə Yunanıstan və İtaliyaya qazın çatdırılmasını təmin etdi. Sonra da interkonnektorlar vasitəsilə qaz digər ölkələrə ixrac edilməyə başlandı. Ölkələr Azərbaycanla razılaşma əldə etdikdə TAP-dan özlərinə boru xətti çəkirlər. Yəni interkonnektorlarda biz iştirak etmirik. Ölkələr özləri bunu həyata keçirir”.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi hazırda 22 milyard kubmetrə qədər qaz ixracına imkan verir. Ancaq müzakirələr gedir ki, bu ixrac 32 milyard kubmetrə qədər artırılsın: “Bu qaz boru xətlərinin ötürmə gücünün artırılması yaxud genişləndirilməsi həyata keçiriləcək. Hazırda ölkəmiz 22 milyard kubmetrlik qaz ixracını genişləndirməyi düşünür. 2022-ci Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanla qaz boru xəttinin genişləndirilməsi ilə əlaqədar memorandum imzaladı. Cənub Qaz Dəhlizi ölkənin qaz ixracında mühüm rol oynayır. Qazımız Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan, Serbiya, Macarıstan kimi ölkələrə ixrac olunur. Bu dəhlizin Azərbaycanın qaz ixracı, enerji siyasəti üçün çox mühüm rolu var. Bunun genişləndirilməsi də göstərilən maraq lazımi səviyyədə olarsa bu Azərbaycanın da marağına uyğundur. Azərbaycanın qaz boru xətti hazırda “Şahdəniz”, “Abşeron”, “Azərçıraq” və “Günəşli” yataqlarından qazın ixracına imkan verir. Amma gələcəkdə Türkmənistan, İran, Rusiyadan qazı alıb bu xətt vasitəsilə ixrac edə bilərik. Bu xətt ölkəmizin həm strateji əhəmiyyətini artırır, həm də ölkəyə valyuta gəlirlərini təmin edir”.

İqtisadçı ekspert Asif İbrahimov qeyd edib ki, Azərbaycan geostrateji mövqeyinə görə, həm şimal-cənub, həm də şərq-qərb dəhlizlərinin üzərində yerləşir: “Cənub Qaz Dəhlizi, eyni zamanda Trans-Adriatik boru xətti Azərbaycan qazının Avropaya çıxışını təmin etmək üçün nəzərdə tutulub. Bu dövr üçün Avropanın qaz təchizatının təqribən 4%-ni təmin edə bilirdik. Əlavə matorlar qoymaqla, digər ölkələrdən qaz tədarük etməklə bu dəhliz vasitəsilə ixracı artırmaq olar. Dəhlizin Azərbaycan üçün iqtisadi əhəmiyyətindən başqa həm də siyasi-strateji əhəmiyyəti var. Avropa İttifaqının rəhbəri Azərbaycana gəldiyi zaman ölkəmizi ən etibarlı tərəfdaşlardan biri adlnadırmışdı. Sözügedən dəhliz bu tərəfdaşlığın elementlərindən biridir”.

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı deyib ki, Cənub Qaz Dəhlizinin əsas əhəmiyyəti “Şahdəniz” qaz yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz boru kəməri TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir: “Şahdəniz” mərhələ-2 layihəsi Azərbaycan qazını Türkiyə və Avropaya çatdıran nəhəng bir layihə olaraq Avropa bazarına qaz təchiz etməklə qazın təchiz edildiyi region və ölkələrin enerji təhlükəsizliyini artırır. Bu dəhlizin əsas elementləri Cənubi Qafqaz boru kəmərinin genişlənməsi layihəsi, Trans-Anadolu yəni TANAP layihəsi, Trans-Adriatik yəni TAP layihəsi və “Şahdəniz” yatağınının işlənməsi daxildir. Sözsüz ki, bu gün ölkəmiz 10-a yaxın Avropa ölkəsi ilə enerji təminatı istiqamətində əməkdaşlıq edir. Bu dəhliz həmin ölkələrin qazla təmin edilməsində əhəmiyyətli və böyük rol oynayır. Bu baxımdan həm Azərbaycanın əhəmiyyətini Avropa ölkələri üçün artırır, həmçinin Avropanın qaz təminatında əvəzsiz rolu var. Bu baxımdan dəhliz vasitəsilə Avropaya gələcəkdə əlavə qazın tranzit edilməsi nəzərdə tutulur ki, bu da ölkə büdcəsinə əlavə valyuta daxil olmasına və iqtisadi inkişafın təmin edilməsinə müstəsna təsiri var”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə