Turizm sahəsində pandemiyadan sonrakı bərpa prosesi hansı sürətlə inkişaf edir? - EKSPERTLƏR CAVABLANDIRDI

Turizm sahəsində pandemiyadan sonrakı bərpa prosesi hansı sürətlə inkişaf edir? - EKSPERTLƏR CAVABLANDIRDI

Azərbaycanda turizmin inkişafı hansı səviyyədədir? Pandemiyadan sonrakı bərpa prosesi hansı sürətlə inkişaf edir? SİA-nın suallarını turizm ekspertləri cavablandırıb.

Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə turizmin bərpası demək olar ki, bütün dünyada baş verir: "Bu ilin sonuna qədər pandemiyadan sonrakı dövrə görə dünyada təxminən 90% turizm bazarı bərpa olunmuş hesab olunacaq. Azərbaycanda bu göstərici nisbətən azdır. Dünyanın regionlarında göstəricilər müxtəlifdir. Orta şərqdə və Avropada daha çox bərpa qeydə alınıb. Çünki həmin yerlər pandemiyadan sonrakı dövrdə daha çox liberal addım ataraq yumşalma siyasətinin nəticəsində turistlərin gəliş-gedişi üçün rahat şərait yaratmışdılar. 2019-cu ildə Azərbaycandan xaricə gedənlərin sayı təqribən 5.5 milyon, Azərbaycana gələn turist sayı isə təxminən 3.2 milyon nəfər idi. Pandemiya dövründə bu say kəskin azaldı. 2021, 2022, 2023-cü illərdə həmin azalmadan sonrakı bərpa dövrləri hesab olunur.

Ekspertin fikrincə sektorun inkişafı üçün əsas məqam ölkəyə giriş-çıxışın daha rahat olması, müxtəlif məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır: "Düzdür Azərbaycanda quru sərhədlər təəssüf ki, hələ də bağlıdır. Bunun yəqin ki, müxtəlif səbəbləri var. Çünki Azərbaycan bu qısa müddət ərzində böyük yol keçdi, ciddi dəyişikliklərə səbəb olan hadisələr yaşadı. Uçuş nöqtələrinin sayı artdı, hava nəqliyyatımız açıqdır, təyyarə ilə gəliş-gedişlər var. Amma dünyadakı gedən proseslərə nisbətən quru sərhədlərin bağlı olmasını götürsək deyə bilərik ki, Azərbaycanda turizmin bərpası nisbətən geridə qalır.

C. Aşurov bildirib ki, sürətli inkişafla bağlı bir sıra işlər görülməlidir: "Sərgilərdə Azərbaycan turizm məkanı kimi sərgilənir. Amma ölkənin daha əlçatan olmasını təmin etmək lazımdır. Müxtəlif təşviq kampaniyalarından geniş istifadə olunmalıdır. Eyni zamanda gələcəyə yönəlik Bakıda və regionlarda turizmin təşviqi ilə bağlı müxtəlif addımlar atılmalıdır. Düşünürəm ki, regionlarda otellərin, kənd evlərinin, qalma yerlərinin saylarının artırılması ilə bağlı təşviq kampaniyaları daha da genişlənməlidir. Sağlam rəqabət mühiti üçün kəmiyyət məsələsi də önəmlidir. Bu həm də qiymət siyasətinə ciddi təsir edəcək. Eyni zamanda ölkəyə gələn turistlərin rahat gələ bilmələri, Azərbaycanı seçmələri üçün səbəblərin sayını artırmaq lazımdır".

Ekspert Rəhman Quliyev qeyd edib ki, hər il olduğu kimi bu il də ənənəvi olaraq xarici ölkələrdən Azərbaycana turistlər gəlməkdə davam edir: "Müxtəlif ölkələrdən Azərbaycana turistlər gəlir. Təbii ki, bu qarşılıqlı turist mübadiləsi həmişə olduğu kimi var. Xüsusilə Azərbaycandan aviakampaniyalar vasitəsilə birbaşa uçuş həyata keçirildiyi istiqamətlərdə bu daha çox nəzərə çarpır. Avropa ölkələrindən, Rusiyanın şəhərlərindən, eyni zamanda qonşu ölkələrdən və ərəb ölkələrindən turist axını müşahidə olunur. Bu gün Azərbaycanda regionlarda fəaliyyət göstərən otellərimiz yeni il şou proqramları təşkil edən otellər mövcuddur. Burada əvvəlki illərlə müqayisədə həm qiymət həm də servis baxımından vəziyyət daha yaxşıdır. Artıq bizdə otellərin sayı artır və bu artım da rəqabətə gətirib çıxarır. Bu rəqabət düzgün qiymət siyasətinin yürüdülməsinə, servisin yüksək göstərilməsinə gətirib çıxarır. Əlbəttə ki, biz otellərin sayını artırsaq turizm sənayesində daha çox uğur əldə edəcəyik".

R. Quliyevin bildirib ki, işğaldan azad olunan ərazilərdə, xüsusilə Şuşa, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdamda turizmə maraq artacaq: "Hələ ki, Şuşaya turlar təşkil olunur. Növbəti illərdə işğaldan azad olunan digər rayonlarımıza da turların təşkil olunması gözlənilir. Artıq hava limanları demək olar ki, hazır vəziyyətə gətirilib. Qarabağ bölgəsində fəaliyyət göstərən 4 böyük beynəlxalq hava limanı digər ölkələrdən birbaşa aviareyslərin olacağını deməyə əsas verir. Bu da böyük bir turizm inqilabı deməkdir".

Ekspertin sözlərinə görə, tibbi turizmdə də böyük nailiyyətlər əldə edilməlidir: "Azərbaycanın təbiəti, mineral bulaqları, termal xarakterli suları əsas verir ki, Azərbaycanda termal xarakterli sanatoriyaların inkişafına böyük önəm verək. Xüsusən də ekonom büdcəli sanatoriyaların tikilib istifadəyə verilməsi həm əcnəbi həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Bu da yol infrastrukturu, ictimai asayişin qorunub saxlanması, ümumilikdə Azərbaycan turizminin inkişafı istiqamətində böyük rol oynayır. Ucqar nöqtələrə belə beynəlxalq standartlara uyğun avtomagistral yolların yüksək səviyyədə tikilməsi önəmlidir. Yerli turistlər də rahat şəkildə gedə bilsinlər. Pandemiyadan əvvəlki dövrə baxdıqda görərik ki, vətəndaşlar avtomobilləri ilə Gürcüstanın Batumiyə, Borjomiyə və daha uzaq məsafələrə gedirdilər. Bu baxımdan biz nəzərə alsaq ki, quru sərhədlərin açıq olduğu vaxtda hər kəs öz avtomobili ilə ən uzaq yola 800-1000 km yolu qət edib sanatoriyaya gedirdilərsə niyə bu gün Qarabağda bizim öz sanatoriyalarımızdan istifadə etməsinlər? Bizim sanatoriyalar adını çəkdiyim yerlərdəki sanatoriyalərdan qat-qat üstün səviyyədədir".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə