KOBİA sədri: Rəqəmsallaşmanı regionlarda gücləndirmək əsas məqsədimizdir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq məqsədimiz kiçik və orta sahibkarlığın rəqəmsallaşdırılmasıdır. Eyni zamanda, KOB-ların payını qeyri-neft sektorunda artırmaqdır. SİA xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Rəqəmsallaşmanı regionlarda gücləndirmək əsas məqsədimizdir. Azərbaycanda qeydiyyatdan keçən sahibkarların 99 faizi KOB subyektləridir. Azərbaycanda kiçik və orta sahibkarların 70 faizi COVID-19 pandemiyası zamanı onlayn fəaliyyətini artırıb. Dünya üzrə bizneslərin təxminən 12%-i internet vasitəsilə həyata keçirilir", - deyə Orxan Məmmədov əlavə edib.

KOBİA sədri qeyd edib ki, agentlik olaraq qadın sahibkarlığını inkişaf etdirmək istəyirlər: "Regionlarda xeyli sayda fermerlər var ki, kiçik və orta sahibkarlıq sektorunu təmsil edirlər. KOBİA-nın keçirdiyi sorğulara əsasən, sahibkarlar çox vaxt mövcud dəstək proqramları barəsində məlumatsızdırlar. Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsallaşma bizim strategiyamızın əsas elementi kimi dayanır".

Bütün xəbərlər Facebook səhifəmizdə