"İlin sonunadək illik inflyasiyanın 4,3% olacağı proqnozlaşdırılır" - SƏDR
"İnflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir. Mərkəzi Bankın oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlamasına həsr olunan mətbuat konfransında AMB sədri Taleh Kazımov deyib.
Sədr qeyd edib ki, Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcəkdir: "Yuxarı qeyd olunan xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır".
"Bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il dekabr ayının 20-də açıqlanacaq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB