"Yol həm mədəniyyət, həm də iqtisadi inkişafdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hesab edirəm ki, regionlara hər hansı bir yolun çəkilməsi iqtisadi inkişafa əhəmiyyətli təsir göstərir. İnfrastrukturun tikintisi yerli sahibkarların, həm turizm, kənd təsərrüfatı kimi digər sahələrin inkişafına, həm də yükdaşıma imkanlarının artmasına öz töhfəsini verir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

"Deyirlər ki, yol mədəniyyətdir. Düşünürəm ki, yol həm də iqtisadi inkişafdır. Çünki yol olduqda sahibkarların da fəaliyyəti həyata keçirilir, eyni zamanda bölgəyə gediş-gəliş də artır",- deyə o əlavə edib.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, infrastruktur yenilənməsi nəticəsində həm də fermer təsərrüfatları inkişaf edir, nəqliyyat imkanları genişlənir: "Bu baxımdan, hər bir yol tikintisi sözsüz ki, regionun və ölkəmizin bölgələrin, kəndlərin inkişafına təsir göstərir. Ötən ildən artıq regionların 60%-i özünün maliyyələşməsi hesabına fəaliyyət göstərir. Bu da mərkəzi büdcədən asılılığı azaldır. Sözsüz ki, hər bir bölgədə, kənddə yolların yaxşı səviyyədə olması ölkənin ümumi iqtisadiyyatına müsbət töhfə verir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə