“Ötən 20 il ərzində respublikanın bütün yolları əsaslı təmir edilib” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regional, iqtisadi siyasətində yol tikintisi mühüm yer tutur. Demək olar ki, 2003-cü ildən ötən 20 il ərzində respublikanın bütün magistral yolları, şəhərlərarası və rayonlararası yollar yenidən qurulub, əsaslı təmir edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev yol tikintisinə olduqca böyük önəm verir və yolun iqtisadiyyat, mədəniyyət olduğunu söyləyirdi: “Eyni zamanda dünyada ölkələrin mədəni inkişaf səviyyəsini onun yollarının vəziyyəti ilə müqayisə edirlər. Əlbəttə yollar təmirli və geniş olduqda həm hərəkət daha təhlükəsiz olur, həm insanların vaxt itkisi aradan qalxır, həm də sakinlərin rahatlığı təmin olunur.

Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq, qəbul olunan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının hər birində yol tikintisinə mühüm yer verilir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun əsaslı yenidən qurulması və məskunlaşması siyasətində də yol tikintisi mühüm yer tutur. Artıq istər Qarabağ, istər Şərqi Zəngəzurda çox böyük yol infrastrukturu yaradılıb. Bütün bunlar Prezidentin regionların, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşma üçün apardığı siyasətin tərkib hissəsidir.

Həmçinin digər regionlar da unudulmur və plana uyğun olaraq ehtiyacı olan rayonlarda yol tikintisi həyata keçirilir. Bu mənada cənab Prezidentin Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı sərəncam verməsi bu qəbildən aparılan siyasətin mühüm tərkib hissəsidir. Bu ərazidə yaşayan insanların rahatlığının təmin olunması, eyni zamanda turizm və iqtisadiyyatın inkişafı baxımından yolların çəkilməsi olduqca mühümdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə