"İki ölkə arasında imzalanan Niyyət Protokolu tarixi hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmiryolu layihəsinə dair 25 sentyabr 2023-cü ildə imzalanmış Niyyət Protokolu qardaş olan hər iki ölkənin milli maraqlarını özündə əks etdirir və gələcək sosial-iqtisadi inkişafa xidmət edir. Bu əsasda Qars-İğdır-Naxçıvan dəmiryolunun tikilməsi nəqliyyat infrastrukturunun yenilənməsi və ölkələr arasında yükdaşımaların səmərəliliyinin gücləndirilməsinə yeni imkanlar yaradacaqdır. Məlum olduğu kimi, Türkiyə və Azərbaycan bu gün qarşılıqlı münasibətlərə, həmrəyliyə, iqtisadi, ticarət, mədəniyyət, turizm, nəqliyyat sahələrində əlaqələrin qurulması və möhkəmləndirilməsinə görə dünyaya bir nümunədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, hər iki dövlət özünün gələcək inkişafını, milli təhlükəsizliyini təmin etmək üçün birgə fəaliyyətə önəm verir: "Bu baxımdan Qars-Naxçıvan dəmiryolunun inşasına dair Niyyət Protokolunun imzalanması çox əhəmiyyətlidir. Ölkə başçısı imzalanmanı tarixi hadisə adlandıraraq bildirmişdi ki, bu layihə Orta Dəhlizin bir qolu kimi həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan və Türkiyə bugünkü gündə nəinki iqtisadi sahədə, eləcə də beynəlxalq münasibətlərdə bir-birlərini dəstəkləyən, dünyada sülhün, əmin-amanlığın təmin olunmasına dəstək verən ölkələrdir: "Hər iki ölkənin qardaşlığı Azərbaycan və Türkiyə xalqlarının xeyrinədir. İki qardaş dövlət gələcək perspektivlərə əsaslanan layihələrin hazırlanması üçün mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər bütün dünya dövlətlərinin inkişafına xidmət edir. Əlbəttə ki, bu layihə gündən-günə möhkəmlənən bu dostluğu daha yüksək səviyyəyə çatdıracaqdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə