"Ödənişlər sentyabr ayının ortalarından verilməyə başlanır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Ödənişlər sentyabr ayının ortalarından verilməyə başlanır" - QURUM RƏSMİSİ AÇIQLADI

“Subsidiya dövlət büdcəsi tərəfindən kənd təsərrüfatı istehsalçılarına, yəni fermerlərə qarşılıqsız edilən maliyyə köməkliyidir. Bu ödəmələr 2019-cu il 27 iyun tarixli 759 nömrəli ölkə başçısının fərmanı ilə tənzimlənir. Təkrar əkinlərə əkin, toxum, məhsul, buzov və barama kimi bir neçə subsidiya növü daxildir. Hal-hazırda AKİA bu beş subsidiya növü üzrə ödənişlər həyata keçirir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq AKİA-nın Dövlət Dəstəyi Şöbəsinin müdiri Rəşad Fəttahov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, təkrar əkin fermerlərə o şəraiti yaradır ki, onlar həmin əkin mövsümündə iki dəfə subsidiya ala bilirlər: “İkinci subsidiya təkrar əkinlə bağlı olan subsidiyadır. Təkrar əkinlər 7 bitki növü üzrə verilir. Çəltik, darı, qarğıdalı, günəbaxan, soya, sorqo və kartof bitkiləri bura aiddir. Hər hektar üçün 100 manat məbləğində ödəniş olunur”.

O bildirib ki, təkrar əkin dövrü 1 iyun-31 avqust aralığında həyata keçirilir: “31 avqusta qədər bəyanlar verilməkdədir. Bəyan bitdikdən sonra monitorinq prosesləri başlayacaq. Monitorinq predmeti olmuş sahələrdə yoxlanışlar aparılacaq. Bu nəticələrə uyğun olaraq ödənişlərin verilməsi icra olunacaq. Ödənişlər təxminən sentyabr ayının ortalarından verilməyə başlanır.

Təkrar əkin bəyanından subsidiya əldə etmək üçün fermerin əsas əkin bəyanı olmalıdır. Bu olmadığı təqdirdə fermer təkrar əkin bəyanı üçün müraciət edə bilməz. Əgər elektron kənd təsərrüfatı informasiya sistemində fermerin qeydiyyatı yoxdursa və monitorinq nəticəsi uğursuzdursa, bu halda da həmin fermerlərə təkrar əkin bəyanı verilmir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə