"Azərbaycan Ermənistana onun ərazisini çirkləndirməyə icazə verməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ötən gün 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezidentin dediyi sözlər həm Ermənistan ictimaiyyəti, həm də bütün region dövlətləri üçün bir siqnal olmalıdır. Azərbaycan bütün konvensiyaların üzvüdür. Yəni, transhəssas sularının çirkləndirilməsi ilə bağlı dövlət olaraq dəfələrlə müraciət etmişik”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, təəssüf ki, Ermənistan, eyni zamanda qonşu Gürcüstan dövləti də bu konvensiyaların üzvü deyil: “Nəzərə alsaq ki, ekologiya bir dövlətin işi olmaqdan çıxıb və artıq dünyanın probleminə çevrilib. Ermənistan illər ərzində Azərbaycanın işğal etdiyi ərazilərdə ekoloji mühiti tamamilə korlayıb. Azərbaycan Prezidentinin də söylədiyi kimi, 60 min hektardan artıq meşə fondumuz ermənilər tərəfindən vəhşicəsinə məhv edilib”.
Deputat sözlərinə davam edərək bildirib ki, Şərqi Zəngəzur ərazisində ermənilərin fabrik və zavodlarının olması, həmçinin, Naxçıvandan 800 metr məsafədə yeni bir zəhərli tullantılara malik olan metallurgiya zavodunun açılması yolverilməzdir: “Ermənistandan tələb edirik ki, dünyada baş verən hadisələrə nəzər yetirsinlər. Biz onsuzda Ermənistana Azərbaycanın ərazisini çirkləndirməyə icazə verməyəcəyik. ESPO Konvensiyasına görə, sərhəd zonasında bu cür işlər görülürsə, qonşu dövlətin rəyi nəzərə alınmalı, onun dövlət orqanlarının monitorinqlər aparmasına icazə verilməlidir. Bu, dünyanın tələbidir. Əgər Ermənistan bu tələbi yerinə yetirməsə, Azərbaycan tərəfindən adekvat münasibətin şahidi olacaqlar”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB