STM-də banklarla bağlı problemlər masaya yatırılıb - YENİLƏNİB - FOTOLAR
10 iyul tarixində Sosial Tədqiqatlar Mərkəzində “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, konfransda banklarla bağlı problemləri masaya yatırılıb. Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev çıxış edib.
Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc son illər Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində vəziyyətin kəskin dəyişdiyini deyib. "Təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ təsdiq edilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun qəbulu bu sahədə vəziyyəti xeyli dəyişib. Həmin qanunun icrasına başlanıldıqdan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin edilib", - deyə o qeyd edib.
Bununla yanaşı, sədr deyib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən mənzillərin sayı digər MDB ölkələrinə nisbətən azdır: "Qazaxıstanda bu rəqəm 62, Belarusda 49 olduğu halda, Azərbaycanda 2018-ci ildə 16,6 olub. Kəskin fərq mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmaması ilə bağlıdır. Daşınmaz əmlakın qeydiyyat problemi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. 2011-ci ildə Bakıda keçirilmiş müşavirə və daha sonra verilən sərəncamlar buna sübutdur ".
Sədr sözlərinə davam edərək bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, ölkəmizin üç ən böyük şəhərində - Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58 %-i istismar müddəti 30 ildən çox olan binalarda məskunlaşıb: "Vətəndaşların 23 %-i son 30 il ərzində tikilmiş binalarda yaşayır. Sorğu iştirakçılarının 19 %-i isə yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib. Amma onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının qeyd olunan göstəricidən daha yüksək olması istisna edilmir.
Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 26 %-i, Gəncə şəhəri üzrə 18 %-i son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını qeyd etdiyi halda, Sumqayıt şəhəri üzrə analoji göstərici cəmi 7 % təşkil edib. İştirakçıların 44 %-i istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13 %-i 60 ildən çox olan binalarda məskunlaşıb. Həmçinin 7 %-i son 10 il ərzində, 16 %-i 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır"
"Rəy sorğusunda iştirak edənlərin 9 %-i iki-dörd mərtəbəli binalarda, 39 %-i beş mərtəbəli binalarda, 1 %-i altı-yeddi mərtəbəli binalarda, 31 %-i doqquz mərtəbəli binalarda məskunlaşıb. Həmçinin iştirakçıların 9 %-i on-on dörd, 11 %-i isə on beş-iyirmi dörd mərtəbəli binalarda yaşayır", - deyə o qeyd edib.
Sədr əlavə edib ki, ölkəmizdə tikinti sferası qeyri-neft sektorunun ən aparıcı sahəsidir, ən çox məşğulluq, dövriyyə və dövlət büdcəsinə ödəmələr də bu sektorun payına düşür: "Tikinti sektorunun iştirakçıları bu sahədə fəaliyyət göstərən sahibkarlar, yaşayış və yaxud qeyri-yaşayış sahəsinə ehtiyacı olan şəxslərdir".
"Mediasiya institutu maliyyə mübahisələrinin həlli üçün keyfiyyətli mexanizmdir". Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev çıxışı zamanı deyib.
"AMB investorların hüquqlarının müdafiəsi və mübahisələrin həlli mexanizmlərinin genişləndirilməsi məsələlərini müzakirə etmək üçün Mediasiya Şurası ilə müvafiq əməkdaşlıq memorandumu imzalayıb. Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılması üçün qanunvericiliyə ciddi əməl etməyə, tənzimləyici tərəfindən hazırlanmış metodiki rəhbərliyə diqqət yetirməyə ehtiyac var. Alternativ mübahisələrin həlli mexanizmi kimi Mediasiya Şurası ilə əməkdaşlığımız bunun effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər", - deyə o qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil.
"Regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur: "Bu il iyunun 1-nə ölkədə istehlak və ipoteka kreditləri portfeli 9 milyard manatdan çox olub. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq".
"Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartların tələb etdiyi faiz dərəcəsindən aşağıdır". Bu sözləri isə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev söyləyib.
O, qeyd edib ki, bank mübahisələrində mediasiyanın tətbiqi problemli kreditlərin azalmasına təsir edib: "Banklar mediasiya tətbiqindən istifadə etməkdə maraqlıdır. Hazırda bank sektoru üzrə problemli kreditlərin məbləği 500 milyon manatdan azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB