"Qiymət artımının zəlzələ ilə əlaqəsi yoxdur" - EKSPERT DANIŞDI
“Son 20 ilin statistikasına nəzər yetirsək, təqribən 2003-cü ildə Bakı şəhərinin istənilən metrostansiyasına yaxın ərazidə yerləşən evlərin qiymətləri ilə bugünkü satış qiymətləri arasında 20-25 dəfəyə qədər fərq var. 20 il bundan əvvəl Elmlər Akademiyası və ya İnşaatçılar metrosu ətrafında birotaqlı xruşovka layihəli mənzilin satış qiyməti 4-5 min manat arasında dəyişirdisə, hazırda bu qiymət təxminən 85-105 min manat arasıdır. Bu onu deməyə əsas verir ki, illər ərzində həmin ərazilərdə evlər 20 dəfədən daha baha qiymətə təklif olunur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, qiymət artımı bəzən təbii, bəzi hallarda isə süni proseslər nəticəsində baş verir: “Hər hansı zəlzələ, dağıntı və ya ərazidə iqtisadi böhran kimi fors-major hadisələr nəticəsində evlərin qiyməti azala ya da arta bilir. Bir neçə gün öncə Xəzər dənizinin şimal hissəsində zəlzələ baş verdi. Bu zəlzələ daha çox Azərbaycanın şimal rayonlarında hiss olundu. Lakin paytaxt ərazisində də binaların hündür mərtəbəsində yaşayan insanlar zəlzələni hiss etdi. Azərbaycan üzrə hər hansı bir dağıntı və ya tələfat qeyd alınmadı. Ona görə də bu cür hadisələrin əmlak bazarına ciddi təsiri olmur”.
Ekspert sözlərinə davam edərək bildirib ki, zəlzələ baş verən günün səhəri müxtəlif saytlarda yayılan həyət evlərinin qiymətinin artması ilə bağlı məlumatlar tam əsassızdır: “Çünki hər il ənənəvi şəkildə mayın 10-dan başlayaraq avqustun sonuna qədər fərdi həyət evləri və torpaq sahələrində canlanma müşahidə olunur və bu səbəbdən qiymət artır. Ha-hazırda həyət evlərində müşahidə olunan yüksək qiymətlərin zəlzələ ilə əlaqəsi yoxdur. Bu sadəcə mövsümi xarakter daşıyır. Yalnız zəlzələ baş verdiyi zaman hündürmərtəbəli binalardan mənzil almaq istəyən şəxslər gözləmə mövqeyi tuturlar. Əgər zəlzələ kimi təbii fəlakətlər hündürmərtəbəli binalara öz mənfi təsirini göstərərsə, o zaman həmin binalarda alıcı qıtlığı, qiymətin aşağı düşməsi halları ola bilər”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB