"Neftdən əldə olunan xarici valyuta dayansa..." - İQTİSADÇI XƏBƏRDARLIQ ETDİ
"İdxal xərclərinin artması Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan bir meyildir. Hər il bizim ölkədə ötən ilə nisbətən idxal xərcləri artır".
Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, Azərbaycan daxilində istehsal ildən-ilə azalır, sönür. Bunun da müəyyən səbəbləri var: "İstehsal azalır deyə, onun yerini idxal məhsulları tutur. Ölkədə əsasən kənd təsərrüfatı, sənaye sahəsində və digər sahələrdə idxal artır. Bu, əsasən azalan daxili istehsalı kompensasiya etmək mahiyyəti daşıyır. İqtisadiyyatımız üçün bunun ciddi mənfi tərəfləri var. Çünki ildən-ilə ölkə iqtisadiyyatının idxaldan asılılığı çoxalır. Bu da müəyyən risklər daşıyır. Dünyada müəyyən böhranlar ola bilər ki, idxal prosesi tam dayanar. Belə halda Azərbaycan daxilində ciddi ajiotaj, qıtlıq yarana bilər.
Digər tərəfdən biz o idxalı neftdən gələn gəlirlə təmin edirik. Hər ay Azərbaycan Dövlət Neft Fondu yüzlərlə milyon dollar vəsait çıxardır. Həmin dollarlar hesabına Azərbaycana məhsul idxal olunur. Neftdən əldə olunan xarici valyuta dayansa, Azərbaycan manatı ilə heç bir məhsul idxal edə bilməyəcəyik. Hazırda biz həmin məhsulları dollarla alırıq. Bu bizim üçün ciddi problemdir. Belə olan halda ölkədaxilində dollara təlabat artır, manatın effektiv məzənnəsinin saxlanması üçün bizim xərclərimiz artır. Bu da bizim valyuta ehtiyatımızın tükənməsinə gətirib çıxarır".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB