Ölkəmizdə taksi qiymətləri hansı durumdadır? - ARAŞDIRMA

Ölkəmizdə taksi qiymətləri hansı durumdadır? - ARAŞDIRMA

"Uber" və "Bolt" taksi tətbiqi texnologiyanın həyatımıza uyğunlaşması ilə ortaya çıxıb. Belə ki, bu tətbiqlərdə qeydə alınmış ən yaxın nəqliyyat vasitəsi sərnişin tərəfindən onlayn qaydada sifariş verilir. Bu tətbiqlərdə taksi qiymətləri küçədə olan adi taksilərlə müqayisədə çox münasibdir. Üstəlik, tətbiqdə sıx-sıx endirimlər də olduğu üçün tələbat çoxdur. Bir çox insan, hətta iki küçə o tərəfə belə taksiylə getmək istəyir. Yəni, taksi qiymətləri ölkədə o qədər ucuzdur ki, insanlar bu addımı atır. Bu da tıxac kimi bir sıra problemlərə gətirirb çıxarır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Sərnişinlər tətbiqi smartfonlarına yükləyir və məkan məlumatlarını paylaşırlar. Sistemdə qeydiyyatda olan nəqliyyat vasitələri arasında sərnişinə ən yaxın olan nəqliyyat vasitəsi gedib sərnişini götürür.

2015-ci ildə UBS bankı dünyanın 72 metropoliten bölgəsində 5 kilometrlik qısa yol tariflərini müqayisə edərək taksi tarifləri ilə bağlı araşdırma aparıb. Bu hesablamaya görə, böyük metropolislərdəki qiymətləri İstanbuldakı qiymətlərlə müqayisə etsək, hesablanmış şəhərlərdən 36-sı Avropada, 18-i Asiyada, 6-sı Şimali Amerikada, 7-si Cənubi Amerikada, 2-si Okeaniyada, 3-ü isə Afrika qitəsində yerləşir.

Orta hesabla beş kilometr məsafə üçün taksinin qiyməti Okeaniyada 15,52 dollar, Şimali Amerikada 14,65 dollar, Avropada 11,77 dollar, Afrikada 5,3 dollar, Cənubi Amerikada 5,06 dollar, Asiyada 4,38 dollar təşkil edir.

Əslində, hesablaya bilmək üçün bu ölkələrdə taksi sürücülərinin ildə nə qədər vergi ödədiklərini və digər xərclərini müqayisə etmək lazımdır.

Taksi qiymətləri Avropanın ən ucuz şəhəri Kiyev 1,59 dollar, Nyu York Şimali Amerikada 11,67 dollar, Boqota Cənubi Amerikada 1,71 dollar, Yeni Dehli Asiyada 1,54 dollar, Okeaniyada 11,52 dollardır. İstanbulda taksimetr açma haqqı hər kilometr üçün 4,0 TL və 2,5 TL-dir. Ümumi 5 km məsafə qət edildikdə ödənilən qiymət 16,5 TL-dir. Onu dolların hazırkı məzənnəsinə böldükdə 4,35 dollar təşkil edir.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Xatırladaq ki, bir neçə gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məsələyə toxunmuşdu: "Qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır. Burada iki qrupda məsləhətçilər çalışır. Bir qrup Bakıda mobilliyin təmin olunması, digəri isə yeniliyin faydaları barəsində araşdırmalar aparır. Bütün dünya ölkələri şəhərlərinin əkizlərini hazırlayırlar. Taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var. Bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. Hə, “ictimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar. Birmənalı şəkildə taksi qiymətləri qalxacaq. Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur" - deyə nazir bildirmişdi.

Nəqliyyat eksperti Aslan Əsədov: "Bugünkü gündə Azərbaycan nəqliyyatında yenidənqurmalar və islahatlar sırf sərnişindaşımanın əsas predmeti olan taksi ilə sərnişindaşımaların mövzusudur. "Xarici şirkətlərin burada payı nə qədərdir?", "Faydalı iş əmsalı nə qədərdir?", "Onların yaxşı tərəfləri nədir?", "Müsbət və mənfi tərəfləri nədir?" kimi sualların müzakirəsini həll etsək, Azərbaycan nəqliyyatında sərnişindaşımanın əsas problemlərini həll etmiş kimi olarıq. Çünki müsbət tərəfləri ondan ibarətdir ki, mobil və çevikdir, xarici praktikaya əsaslanır.

Tutalım ki, bizdə bir şirkət quraq və o şirkəti təkmilləşdirək, vəsaitlər ayıraq, mütəxəssislər yetişdirməkdən ötrü xaricə mübadilə edək və s. Amma hazır varkən xarici şirkət ölkəyə həm investisiya qoyur, həm mobillik, çeviklik, insanlara üstünlük gətirir və əsas olan texnologiyanın üstünlüklərindən istifadə etməklə müəyyən prosesləri və prosedurları sərnişindaşımaya tətbiq edilir. Bu, müsbət tərəfləridir.

Mənfi tərəfləri də ondan ibarət ola bilir ki, müəyyən əmək müqavilələrinin olmamağı, sürücülərin işə qəbul və işdən azad olunma, onların operatorluq xidmətlərinin ürəkaçan olmaması və s. Amma ən böyük Azərbaycan istehlak səbətinin qazandığı şirkətlərin ölkədə ucuz qiymətlərin təklif etməsidir. Bu yaxşı əlamətdir ki, ölkədə ucuz qiymətlər tətbiq etdikdə qiymətlər bir növ akredasiya olunur, o cümlədən işsizliyin müəyyən dərəcədə dəstəyi olur. İndi hardasa firmalar və şirkətlər avtomobil gətirə bilər. Sırf biz sərnişin vətəndaş məmnunluğundan danışırıqsa, burada başlıca məsələ qiymət amili ilə bağlıdır və bu qiymətlər vətəndaşlarımızı məmnun edə bilir.

Uber və Bolt kimi bu şirkətlərin ölkədə ləğvini prinsip etibarilə və prosedur qaydalarına görə bunu ləğv etmək olar. Burada hər hansı bir çətinlik yoxdur. Bu ölkənin şəxsi qərarlarıdır və hər bir xarici və digər şəxslər də o qərarlara hörmətlə yanaşmalıdır. Çünki Azərbaycan qanunları bizim üçün ən ali qanunlardır. Amma bu bağlansa, sonda bizim vətəndaşlar onun ağrısını çəkəcəklərmi? Onlar da avtobus daşımaları kimi hansı səviyyədə qalacaqlar?".

Nəqliyyat eksperti Eldəniz Cəfərov: "Taksi qiymətlərinin yüksəlməsi ilə bağlı hər hansı bir qərar yoxdur. Amma əgər buna ehtiyac varsa, qiymətlər yüksələcək.

Lakin biz hamımız bilirik ki, Bakı şəhərində taksi qiymətləri ucuz deyil. Bu gün Bakı şəhərinin və əhalinin iqtisadi vəziyyətinə, ictimai nəqliyyatın qiymətinə taksi qiymətləri mütənasibdir. Amma qərarı sonda yenə də dövlət qəbul edəcək.

Taksi qiymətləri bu gün vətəndaş üçün, sadəcə, əlçatandır. Əlçatan olmaqla ucuz olmaq isə tamamilə fərqli anlayışlardır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə