PREZİDENT İLHAM ƏLİYEV: "Biz Azərbaycanın və Litvanın biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət veririk"
Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda Azərbaycanın uğurla həyata keçirdiyi şaxələndirmə siyasətindən geniş bəhs edərək bildirmişdir ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.
Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib ki, biz Azərbaycanın və Litvanın biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət veririk: "Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür".
"Hesab edirəm ki, Prezident Nauseda ilə əməkdaşlığımız üçün çox güclü bünövrə qoymuşuq, çox fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşdük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüsdə görüşürük. Bu, həqiqətən əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib", - deyə dövlətimizin başçısı bildirib.
Bəli, bu gün xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Özlüyündə yaranan "Nəyə görə" sualına cavab olaraq qeyd edə bilərik ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bu sualı cavablandırmaq üçün Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpasından sonra ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bu fonda xarici iş adamlarının tərəddüdlərinə diqqət yetirək. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də inkaredilməzdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən "açıq qapı" siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Bunları yenidən təhlil etməyimizə səbəb əvvəldə qeyd etdiyimiz "Nəyə görə" sualını cavablandırmaqdır. Çünki bu gün Azərbaycan sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da bir daha təsdiqləyir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.
AZƏRBAYCANDA BİZNES MÜHİTİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ BU GÜN ÇOX CİDDİ ADDIMLAR ATILIB
Bəli, Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır". Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?
Göründüyü kimi, bu gün daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. Ötən 19 ildən artıq dövr ərzində iki milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Qısa təhlil əsasında bu fikri xüsusi qeyd edə bilərik ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanla açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı zamanda sahibkarlara diqqət və qayğıya nəzər salaq. Onlar güzəştli kreditlərin verilməsi qarşıya qoyduqları hədəflərə yüksək səviyyədə nail olmalarını təmin edir.
HAZIRDA ƏSAS HƏDƏFİMİZ İQTİSADİYYATI ŞAXƏLƏNDİRMƏKDİR
Prezident İlham Əliyev Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyatımızı şaxələndirə biləcəyik: "Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək".
Dövlət başçısı forumun açılış mərasimində çıxışı zamanı Azərbaycan iqtisadiyyatının sabitliyinin regional iqtisadi əməkdaşlıq üçün mühüm amil olduğunu deyib: "Bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmdir".
“Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir”, - deyə Azərbaycan Prezidenti bunu şərtləndirən amillər barədə fikirlərini söyləyib: "Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqləndi.
"Hazırda əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməkdir",-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir.
"Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək",-deyən dövlətimizin başçısı bildirdi ki, ə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir.
TEZLİKLƏ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TEZLİKLƏ BÖYÜK İNVESTİSİYALAR MƏKANINA ÇEVRİLƏCƏK
Bəli, bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanlardan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağ və Şərqi Zəngəzur tezliklə böyük investisiyalar məkanına çevriləcək.
Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında bu çağırış xüsusi yer tutur ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. 2003-cü ildə açıqlanan hədəflər sırasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi əsas yer tutdu.
Dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atır. İqtisadi artımın neft sektorundan asılılığını minimuma endirmək üçün regionların malik olduğu imkanlardan maksimum bəhrələnmək məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və icra edilir. Bununla da regionlarımızın yeni mənzərəsi yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Son iki ildə ölkəmizin həyatında yeni dövr başlayıb. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində qazanılan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramının uğurlu icrası tezliklə bu ərazilərimizə yeni nəfəsin gələcəyinə, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə nəticəsində ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr veriləcəyinə inamı artırır.
Azərbaycanın uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı prioritetdir. Bununla yanaşı. Azərbaycanın enerji sektorunda da uğurları davamlılığı ilə diqqət çəkir. 2006-ci ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Ölkəmizin beynəlxalq nüfuzunu artıran Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Təbii ki, bunlara əsas yaradan ulu öndər Heydər Əliyevin düşüşnülmüş, gələcəyə hesablanmış siyasəti və son 19 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsidir. Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu. Qarabağ və Şərqi Zəngəzur tezliklə böyük investisiyalar məkanına çevriləcək.
Bir sözlə, bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir. Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB