Metrodakı yeni vaqonlarla bağlı son vəziyyət NECƏDİR? - QURUM RƏSMİSİ BİLDİRDİ

Metrodakı yeni vaqonlarla bağlı son vəziyyət NECƏDİR? - QURUM RƏSMİSİ BİLDİRDİ

"Ümumiyyətlə ilkin məlumat kimi onu bildirim ki, istismarı başa çatmış vaqonlar dünya təcrübəsindəki prosesə uyğun olaraq ya xətdən çıxardılaraq utilizasiya olunur, ya da vaqonun texniki xarakteristikası müvafiq qaydada qiymətləndirilməsi üçün texniki komissiya təşkil olunur və bu komissiyanın rəyindən asılı olaraq müəyyən müddətə qədər vaqonun istismar müddəti uzadılır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O, bildirib ki, Bakı Metropolitenində vaqonların qulluğuna, təmirinə, texniki baxışına, onun istismar müddəti ilə bağlı məsələlərə bütün dövrlərdə həssaslıqla yanaşılıb: "Çünki bu sərnişin təhlükəsizliyinin başlıca prinsipidir. Hazırda istismar müddətini başa vurmuş vaqonların əvəzinə xəttə ötən il 20 vaqon, yəni 4 qatar buraxılıb. Bu barədə mətbuata da məlumat verilib. Metropoliten növbəti yeni vaqonların alınması ilə bağlı tədbirlərini görür. Hazırda texniki tapşırıqların üzərində iş aparılır. Bu işlər yeni vaqon alındıqda xüsusi olaraq həyata keçirilən prosesdir. Çünki vaqon istehsalı sənayesində olan yeniliklər Bakı Metropoliteninin xüsusi ilə diqqətdə saxladığı bir məsələdir. Bu səbəbdən hazırda texniki tapşırıqların hazırlanması prosesi gedir və bu barədə də ictimaiyyətə məlumat veriləcək".

Qurum rəsmisi bildirib ki, Bakı Metropoliteninin niyyəti növbəti dəfə uzunmüddətli müqavilənin bağlandıqda istismar müddəti bitmiş vaqonların istifadədən çıxarılaraq yeni vaqonların alınmasıdır: "Metropolitendə hal-hazırda mövcud olan normativ tələblərə uyğun olaraq vaqonların baxışı, qulluğu, təmiri nizamlı şəkildə aparılır. Normativə uyğun olaraq qatarlar yürüş məsafəsi əsasında təmir olunur. Hazırda Metropoliten bu işlər davam etdirir və hazırda bir qatarın üzərində işlər başa çatdırılmaq üzrədir, yaxın zamanda həmin qatar da istismara buraxılacaq. Bir məsələni də qeyd edim ki, qatarların təmiri zamanı onların modernizasiyası da diqqətdə saxlanılır. Təmir zamanı onların müasir standartlara cavab verməsi məsələsi əsas götürülür. Qeyd edim ki, 2017-ci ilə qədər bu proseslər ölkə xaricində aparılırdı. Çünki Metropolitenin müvafiq bazası yox idi. Ancaq 2017-ci ildən etibarən bütün qatarlar ölkə xaricinə çıxarılmadan əsaslı təmir olunaraq modernləşdirilir".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə