Soğan və digər kənd təsərrüfatı məhsullarının məhsuldarlığının aşağı düşməsi ilə bağlı məlumatlar yayılıb. Məhsuldarlıq aşağı düşdüyündən fermerlər çəkdikləri xərci çıxara bilmədiklərini dilə gətirirlər. Bəs, məhsuldarlığın aşağı düşməsinə səbəb nədir?
"Son zamanlarda hava şəraitinin yağıntılı olması sözsüz ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən soğanın məhsuldarlığına mənfi təsir göstərir. Bu da öz növbəsində növbəti aylarda müəyyən qıtlığın yaranmasına səbəb ola bilər". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq iqtisadçı Eyyub Kərimli deyib.
O bildirib ki, soğan mövsümü hələ də davam edir: "Düşünürəm ki, bu təsirlər minimuma endiriləcək və növbəti aylarda havalar isti keçsə, həmin məhsullarda qıtlıq problemini hiss etməyəcəyik. Onu da qeyd edim ki, fermerlər bu kimi hallar üçün aqrar sığortadan istifadə edə bilərlər. Aqrar sığortanın şərtlərinə əsasən təbiət hadisələri ilə əlaqədar məhsula dəymiş zərər qarşılanır. Əgər fermerlər öz işlərini qanun çərçivəsində qururlar və sığortalanırlarsa, bu cür hallarda onlar məhsullarının məhv olmasına görə əlavə kompensasiya ödənişi əldə edə bilərlər. Havanın yağıntılı keçməsi müəyyən kənd təsərrüfatı məhsullarına zərər vursa da, bəziləri üçün məhsuldarlığın artmasına şərait yaradır. Kartof, buğda, arpa, düyü belə məhsullara aiddir ki, yağıntı onların daha yaxşı böyüməsinə imkan verir".
İqtisadçı ekspert Rauf Qarayev də mövzu ilə bağlı fikirlərini bildirib: "Əvvəla bu problem daimi qeyd olunur ki, bizdə bazar planlı şəkildə tənzimlənmir. Yəni monitorinq, onun nəticəsi, təhlil, nəticənin sonda qeydi, bundan kəndlinin, monopolistlərin nəticə çıxarması məsələsində problemlər hələ də mövcuddur. Təəssüf olsun ki, bu sahələrdə kadr dəyişikliyi olsa da, nəticə qənaətbəxş deyil. Statistik hesabat xətrinə görülən işlər, yəni mən bu işi gördüm nəticə məndən asılı deyil, su yoxdur və s. amillərin üzərinə nəticənin olmamağını atmaq kənardan gülünc görünür. Kadr dəyişkliyi o vaxt effekt verir ki, onun hər hansı bir işi görməyə səlahiyyəti olur. Səlahiyyət dedikdə imkan verilir ki, kadr özünün potensialını ortaya qoysun və buna kimsə kənardan müdaxilə etməsin. Əgər belə olarsa biz məhsuldarlıqda da fərqli mənzərə görə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB