Daxili turizmin inkişafı qiymət artımına səbəb olacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Hər il yay aylarında Azərbaycanda daxili turizm inkişaf etməyə başlayır. Daxili turizm daha çox 2020-ci ildə pandemiya dövründən etibarən inkişaf etməyə başladı. Çünki xarici ölkə sərhədləri bağlı oldu. Hətta o dövrdə hava sərhədləri də bağlı idi. Əvvəllər insanlar avtobus və ya öz avtomobilləri ilə Gürcüstan, Türkiyə və digər ölkələrə səfər edə bilirdilər”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, hal-hazırda təyyarə biletlərinin qiymətinin baha olması və quru sərhədlərin bağlı olması səbəbi ilə aztəminatlı və orta səviyyədə maddi imkana malik olan insanlar ölkədə qalmağa üstünlük verirlər: “Bu da bölgələrdə daxili turizmin inkişafına gətirib çıxarır. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə turistik zonalarda insan axını müşahidə olunur ki, bu da həmin regionların həm iqtisadi vəziyyətinə, həm də əmlak sahəsinə müsbət təsir göstərir. Yəni, o ərazilərdə otellərlə yanaşı, gündəlik evlərə də tələbat artır. Bununla da qiymət artımı baş verir. Eyni zamanda, təqribi 3 il ərzində paytaxt əhalisi, daha çox imkanlı şəxslər bağ evlərini Bakıda deyil, ölkənin digər bölgələrində alırlar. Bu da həmin ərazilərdə əmlaka tələbatı artırır və öz növbəsində qiymət artımına səbəb olur”.
Ekspert sözlərinə davam edərək bildirib ki, bugünkü gündə Quba, Qusar,Xaçmaz, Qəbələ, Şəki və yaxud digər turistik zonalarda əmlak sahiblərinin bir hissəsi paytaxt sakinləridir: “Təbii ki, bu çox yaxşıdır. Ölkənin digər sahələrində, xüsusilə daşınmaz əmlak və turizm sektorunda inkişaf gedir. Amma bunun mənfi cəhətləri də var. Həmin bölgələrdə evlərin gündəlik kirayə qiymətləri baha olur. Bu da hər kəs üçün əlçatan olmur. Müqayisə üçün deyə bilərik ki, vətəndaşlarımızın daha çox axın etdiyi ölkələrdən olan Türkiyə və Gürcüstanda turizmlə bağlı qiymətlər Azərbaycandakı turistik zonalardan ucuzdur. Təəssüf ki, bizdə qiymətlər kəskin şəkildə baha olduğu üçün aztəminatlı ailələr bu istirahət məkanlarından kifayət qədər istifadə edə bilmirlər. Təbii ki, qiymətlər hamı üçün əlçatan olmasa da, ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Artıq xarici ölkələrin turizm sektoruna qoyulacaq yatırımların böyük hissəsi Azərbaycana qoyulur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB