Qiymət artımı tütün məhsullarından istifadəni azaldır? - SORĞU

Qiymət artımı tütün məhsullarından istifadəni azaldır? - SORĞU

Ölkədə tütün məhsullarının mütəmadi qiymət artımı müşahidə olunmaqdadır. Bəs qiymət artımı tütünə alüdəçiliyin qarşısını almaqda nə dərəcədə effektlidir? Ümumiyyətlə, qiymət artımı siqaretdən istifadə edənlərin sayını azaldırmı? SİA mövzu ilə bağlı sorğu keçirib.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova bildirib ki, son zamanlar qiymət artımında müşahidə etdiyimiz məhsullardan biri də tütün məhsullarıdır: “İlk növbədə onu qeyd edim ki, tütün məhsullarının 18 yaşdan aşağı olanlara satışı həyata keçirilmir. Əgər belə bir qadağa varsa, çox maraqlıdır ki, məsələn, 16 yaşlı gənc siqaretdən necə istifadə edir?! Hesab edirəm ki, bu qanuna ciddi nəzarət edilsin. Son zamanlar statistika bunu göstərir ki, 18 yaşdan aşağı olanlar da tütün məhsullarından istifadə edir. Bəs yaşı az olan uşaqlar həmin məhsulları necə əldə edir? Fikrimcə, bu qanunun pozulmasına sərt cəzalar, hətta həbs cəzası tətbiq olunmalıdır ki, bir nəticə əldə edə bilək. Tütün məhsullarının orqanizm üçün zərərlərini açıq-aşkar bildikləri halda bundan istifadə edirlər.

B.Məmmədovanın sözlərinə görə, tütün məhsulları ilə bağlı maarifləndirici kampaniyalar mütəmadi və sıx şəkildə aparılmalıdır: “Tütün məhsullarının qiymətinin daha da çox artmağının tərəfdarıyam. Qiymət o qədər artsın ki, həmin məhsulları almaqda çətinlik çəksinlər. İnsanlar həm sağlamlıqlarına, həm də ciblərinə ziyan vururlar. Bəlkə qiymət artsa, sağlamlığını düşünməyən insanlar ciblərini düşünərlər. Qiymətin aşağı olması istifadənin çoxalmasına səbəb olan amillərdəndir. Qiymət artımı insanların istəmədən öz sağlamlıqlarını düşünməyinə gətirib çıxarır".

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli də fikir bildirib: “Ümumiyyətlə, statistik məlumatlara istinad etsək, son 5 ildə tütün məhsullarının qiymətində 30-40% artım olduğunu görərik. Buna baxmayaraq, hər il tütün istehsalının və idxalının da artımını müşahidə edirik. Yalnız 2020-ci ildə məlum səbəblərdən tütün idxalı aşağı düşmüşdü. Digər hallarda, 2018-ci ildən etibarən tütün idxalında artım olduğu kimi qalmaqdadır. Bu da onu deməyə imkan verir ki, qiymət artımı tütündən istifadə edənlərin sayına təsir etmir. Baxmayaraq ki bu onların büdcəsinə mənfi təsir göstərir.

Digər tərəfdən müşahidələr onu göstərir ki, bu cür qiymət artımları çox vaxt istehlakda özünü göstərmir. Çünki bizdə qiymətlər yavaş-yavaş artır. Yəni, kəskin bir qiymət olmur. Ona görə də qiymət artımı tütün istifadəçilərinin gözünə görünmür".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə