Qüdrətli Azərbaycan iqtisadiyyatının Heydər Əliyev salnaməsi ŞƏRH
Ulu Öndər: “İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur”.
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Belə ki, müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Bu əsnada Ulu Öndər Heydər Əlyevin 9 fevral 1994-cü ildə Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşü zamanı vurğuladığı əhəmiyyəti və tarixi fikrini də xatırlatmaq olar: “İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.”
Fakt budur ki, dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Məhz bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.
O da sirr deyil ki, Heydər Əəliyev iqtisadiyyatımızın diçəlməsi üçün müstəqil neft strategiyasının əsasını qurdu - 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı.
Beləliklə, neft strategiyası ilə sürət götürən Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası sonrakı illərdə daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə Dövlət Proqramları da qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə sabitliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri də xatırlatmaq yerinə düşərdi: “Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləri olur”.
Təbii ki, Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətini nəinki bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə etmək qeyri-mümkündür. Bütün bunlar isə Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsini zəruri edir. Çünki dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşünülmüş strategiyanın banisidir.
Hazırda dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış, xalqına qələbə və zəfər sevincini bəxş etmiş Prezident cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Bütün bunları dövlət başçımızın ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdəki statistik göstəriciləri də təsdiq edir. Belə ki, möhtərəm Prezident İlham Əliyev cənablarının qarşıya qoyulan hər bir məqsədi, hər bir sözü və vədi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Bütün bu reallıqlar bilavasitə Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi davamı və uğurlu nəticəsidir – Azərbaycan iqtisadiyyatı dünya birliyində öz möhkəm təməlllərini qurmaqla artıq beynəlxalq arenada söz sahibinə çevrilib.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB