"Yolların yenidən qurulması turistik, logistik və biznes əhəmiyyətlidir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Bazar iqtisadiyyatında bir sıra işləri hökumət öz boynuna götürür, qalan işləri isə özəl sektorun öhdəliyinə buraxır. Ümumiyyətlə, ölkənin yol infrastrukturunun qurulması və müasir səviyyəyə çatdırılması hökumətin görməli olduğu əsas işlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, ictimai effekti, müsbət təsirləri olan bu cür məsələlər hökumətin məsuliyyətindədir: "Bu, dünyanın hər yerində belədir. Yolun çəkilməsi həm turistik, həm biznes, həm də logistik əhəmiyyətlidir. Eyni zamanda, yolların qurulması insanların rahatlığına da təsir göstərir. Bildiyimiz kimi, Naftalan turistik bölgədir və avtomobil yolunun təmiri insanların daha rahat hərəkətinə şərait yaradacaq. Bu, yüklərin daşınmasında da müsbət rol oynayacaq. Bu baxımdan yolların müasir standartlara uyğun qurulması, yenidən bərpası istiqamətində Azərbaycan böyük investisiyalar qoyub. İşıq, su, qaz kimi yol da iqtisadiyyatın inkişafı üçün əhəmiyyətlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə