"Bu il buğdanın qiyməti ilə bağlı proqnozlar çox pozitivdir" - QURUM RƏSMİSİ AÇIQLADI

“Bildiyiniz kimi, taxıl və buğdanın qiymətində aşağıdüşmə trendi zəif də olsa başlayıb, amma qiymət yenə də yüksəkdir. Həmçinin, yem məhsullarının qiyməti də baha olaraq qalır. 2022-ci ilin sonlarından etibarən qiymətlərdə azalma var. Lakin hələ də dünya bazarında qiymətlər 2019-cu ildəki səviyyəyə çatmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan bazarında bir çox məhsulların qiymətində kəskin enmələr də müşahidə olunur. Bugünkü gündə fermer nöqteyi-nəzərdən kələmin qiymətinin həddən artıq aşağı olması bizi narahat edir. Kələmin topdan satış qiyməti belə 28 qəpikdir. Hətta biz bununla bağlı düşünürük ki, idxala məhdudiyyət qoyulmasına ehtiyac var. Eyni zamanda demək olar ki, bütün meyvələrin qiyməti ötən ilə nisbətən çox aşağı düşüb. Çünki Azərbaycanda intensiv meyvəçilik üzrə dövlət siyasəti artıq öz nəticələrini göstərib. Məlum olduğu üzrə dövlətin subsidiya siyasətində meyvəçilik prioritet istiqamətdir. Meyvə ixracımızda ciddi şəkildə baş verən artım daxili bazarda meyvələrin qiymətinə də öz təsirini göstərdi”.

Qurum rəsmisi həmçinin bildirib ki, tərəvəzlərin də bir qismində qiymət azalması müşahidə olunur: “Ümumilikdə 2023-cü ildə kənd təsərrüfatı məhsullarının qiymətinə optimist yanaşıram. Bu il dünya bazarı üzrə buğda ilə bağlı proqnozlar çox pozitivdir. Gözləntimiz odur ki, bu il hər kəs öz buğdasını satmağa çalışacaq. Bitki yağları, soya məsələsində də qiymətlər stabilləşməyə doğru gedir. Bu da nəticə etibarilə ət və süd məhsullarının qiymətlərində stabilləşmə üçün şərait yaradır. Qiymətlərin stabil qalması da dövlət qurumlarının kompleks işidir. Kənd Təsərrüfatı Nazirliyi qiymətin formalaşmasında birbaşa iştirak etmir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə