“Uzun müddətdir ki, qiymət dəyişikliyi ilə bağlı həyəcan təbili çalınırdı" - EKSPERT AÇIQLADI

“Uzun müddətdir ki, sərnişindaşımada qiymət dəyişikliyi ilə bağlı həyəcan təbili çalınırdı. Bir çox strateji məhsul və xidmətlərin qiyməti artırılıb və yaxud endirilməsi haqqında qərar vermə səlahiyyəti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadi ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin sonu və 2022-ci ilin ortalarınadək bir il ərzində iki dəfə yanacaq qiyməti qalxdı, xaricdən gətirilən ehtiyyat hissələrinin satışında, lisenziya və icazələrin də qiymətləri dəyişdirildi: “Yəni, sərinişdaşıma xidmətini həyata keçirmək üçün lazım olan xərclər artdı. Ona görə də bu sahəni idarə etmək çətin oldu. 2022-ci ilin II rübündən etibarən sərnişindaşımanı həyata keçirən şirkətlər həyacan təbili çalmağa başladı ki, bu da təbii hal idi. Bununla bağlı Tarif Şurası tərəfindən nəhayət ki, qərar qəbul olundu. Fevral ayının 3-dən etibarən ictimai nəqliyyatda gedişhaqqı 40 qəpik olacaq”.

Ekspert sözlərinə davam edərək qeyd edib ki, ötən aya nisbətən Azərbaycan vətəndaşının sərnişindaşımada 35% artıq xərci çıxacaq: “Bu sahədə gizli inflyasiya gedirdi. Sərnişindaşıma şirkətləri minimum əməkhaqqının artırılmasından sonra əməkdaşlarına 345 manat ödəməli olacaq. Ona görə də bu istiqamətdə müəyyən xərc artımı baş verdi. Bir müddət idi ki, qiymət dəyişikliyi gecikdirilirdi. Artıq bu ayın 3-dən qərar icra olunacaq. Düşünürəm ki, bu dəyişiklik taksi xidmətlərinin qiymətinə də təsir edəcək. Çünki taksi xidmətini həyata keçirən xidmətlər 1 kilometraja qədər olan tarifi avtobus daşıyıcılarında olan gedişhaqqı nisbətində həyata keçirir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə