"Prezidentin dövründə ölkə iqtisadiyyatında ciddi irəliləyişlər olub" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ
"Cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ilk illərdən başlayaraq ölkə həyatının müxtəlif istiqamətlərində, o cümlədən, iqtisadi həyatında ciddi irəliləyişlər olmağa başladı. Bu, özünü makroiqtisadi göstəricilərdə də göstərir. Belə ki Ümumi Daxili Məhsulun (ÜDM) səviyyəsi 2003-cü ildə 7,2 milyard dollar idisə, ötən il artıq bunun həcmi 93 milyard dollara çatıb. Bu il isə 100 milyard dollardan artıq ÜDM-in formalaşacağı gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, eyni zamanda dövlət büdcəsi ümumilikdə 2006-cı ildə birin beş minə nisbətində manatın dinaminasiyası getdiyindən, 2003-cü ildə 1,2 milyard olmuşdusa, növbəti il isə 30,7 milyarda çatmışdır: "Göründüyü kimi, dövlət büdcəsinin həcmi təxminən 25 dəfədən çox yüksəlmişdir. Eyni zamanda, bu yüksəliş adambaşına düşən milli gəlirdə də özünü göstərmişdir. Məhz həmin il adambaşına düşən milli gəlir təxminən 880 dollar idisə, növbəti il bu gəlirin 7 min dollara çatması proqnozlaşdırılır.
Təbii olaraq bütün bunların baş verməsinə ölkədə aparılmış makroiqtisadi səviyyədə böyük dövlət proqramlarının, regional və beynəlxalq layihələrin həyata keçirilməsi öz töhfəsini verib. Bakı-Tbilisi-Ceyhan, Bakı- Tblisi- Qars, Trans-Anadolu qaz boru kəməri, Əsrin müqaviləsinin ikinci hissəsi və s. ölkənin makroiqtisadi göstəricilərinin yüksəlməsinə gətirib çıxarıb. Bu da əlbəttə ki, ölkədə iqtisadi və sosial həyatın yaxşılaşmasına xidmət edib".
İqtisadçı sözlərinə davam edərək bildirib ki, digər tərəfdən ölkənin həm iqtisadi, həm siyasi, həm hərbi anlamda nüfuzu kəskin şəkildə artıb: "1747-ci ildən bəri Azərbaycanın əraziləri hər 50-100 ildən bir azalmaya məruz qalırdı. Məhz 1747-ci ildən bu yana ilk dəfə olaraq Azərbaycanın ərazilərində artım tendensiyası müşahidə etdik. Bu da 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi uğurdur. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və yenidənqurma işləri tamamlandıqdan sonra orada iqtisadi reinteqrasiyanın aparılması, iqtisadi aktivliyin o torpaqlarda bərpa olunması nəticədə ölkənin makroiqtisadi göstəricilərini daha da artıracaqdır. Bu isə geridönüş formasında ölkə iqtisadiyyatına, eyni zamanda insanların rifahına öz müsbət təsirini göstərəcəkdir. Təbii ki, bunun üçün müəyyən zaman lazım olacaq, amma yekunda bu gözləntilərin özünü doğruldacağını düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB