Bayramlar ərəfəsində, xüsusən də hər ilin sonunda, yeni ilin astanasında qiymətlərin, ələlxüsus ərzaq məhsullarının qiymətlərinin bahalaşdığının şahidi oluruq. Bu, bir növ ənənə halını alıb və nəzərə alsaq ki, həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması müşahidə olunur, deməli, cari ildə də yeni il ərəfəsində bahalaşma gözləniləndir və artıq bunun şahidi olmaqdayıq.
Təchizat zəncirində qırılmalar ümumilikdə bütün dünyada ərzaq məhsullarının qiymətlərinin artımına gətirib çıxarıb ki, bunun ölkəmizə də təsiri qaçılmazdır. Dünya iqtisadiyyatı çətin durumda olduğu, tənəzzüllə üz-üzə qaldığı zaman müşahidə olunan proseslər Azərbaycana da təsirsiz ötüşə bilməz və biz bu təsirləri görürük. Azərbaycanda il ərzində 13,8 faiz inflyasiya qeydə alınıb. Deməli, dünyada müşahidə edilən inflyasiya Azərbaycana da öz təzyiqlərini artırıb və bu təzyiqlərin təsirini hər birimiz hiss etməkdəyik. Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə qeydə alınan inflyasiyanın 60 faizi məhz ərzaq inflyasiyasının payına düşüb və bu, heç də təsadüfi deyil.
Ölkəmizdə istehlak qiymətləri indeksinin bu ilin oktyabr ayının sonuna olan nəticələrə əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz təşkil etdiyi müəyyən edilib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bu rəqəmin daha çox olması, daha dəqiq desək, 20 faiz təşkil etməsi də qeydə alınıb. Məsələ burasındadır ki, qeyri-ərzaq və əhaliyə göstərilən ödənişli xidmətlər sferasında bir qədər aşağı faiz, müvafiq olaraq 8 faiz və 11 faiz müəyyən olunub. Bütün bu rəqəmlər isə onu deməyə əsas verir ki, cari il həqiqətən də bahalaşma ili olaraq yadda qalır. Amma nəzərə almaq lazımdır ki, bu bahalaşmaya ən əsas, ən təsirli səbəb məhz qlobal tendensiya hesab olunur.
Bilirik ki, qeyd olunan qlobal məsələlərlə yanaşı bayramlar öncəsi, ələlxüsus yeni il ərəfəsi məhsulların, daha çox da ərzaq məhsullarının bahalaşmasına öyrəncəliyik. Hər bir bayram süfrəsinin hazırlanması üçün ərzaq məhsullarının istehlakında artım nəzərə çarpacaq dərəcədə diqqəti cəlb edir. Yeni il süfrəsinin hazırlanması zamanı, yəni ilin sonunda da eyni tendensiya nəzərə çarpır, özü də bir az da artıq. Bir sözlə, ərzaq məhsullarına olan tələbin artması ilə ən çox məhz yeni il ərəfəsində qarşılaşırıq. Bu isə o deməkdir ki, yeni il astanasında tələb təklifi bazarda üstələyir. Yəni, tələb bazarı olduğunu hamımız görürük və bu zaman qiymətlərin artımına hətta adi hal kimi baxırıq. Çünki hamımız bilirik ki, tələb bazarında, yəni, tələb təklifi üstələyən zaman qiymət artımı qaçılmazdır.
Yeni il astanasında, bayram öncəsi əhalinin istehlak mallarına, ələlxüsus ərzaq məhsullarına olan tələbatını qarşılamaq üçün yarmarkalar da təşkil olunur. Bunu da etiraf etmək lazımdır. Etiraf etmək lazımdır ki, bu yarmarkalar ilk növbədə məhsul bolluğu üçün nəzərdə tutulmaqla yanaşı, həm də qiymət artımının qarşısının alınmasına hesablanıb. Məsələ burasındadır ki, yarmarkalar belə qiymət artımının tamamilə qarşısını ala bilmir, çünki məhsul bolluğu yaradılsa belə bu ərəfədən istifadə edən, yararlananlar da tapılır. Bir sözlə, süni şəkildə qiymət artımını da müşahidə edirik və bəzi işbazların belə bu zaman fasiləsindən məharətlə istifadə etmək niyyətlərini də ən azından görürük, amma bu niyyətlərinin qarşısı mümkün qədər alınır və yarmarkaların təşkilində bir məqsəd də məhz bundan ibarətdir.
Artıq bir müddətdir ki, qiymət artımı daha çox ərzaq məhsullarında müşahidə edilir. Məsələn, düyünün, ətin, yağın qiymətində artımlar hər il olduğu kimi, bu il də bayram qabağı diqqəti cəlb edir. Yəni, hər ilki tendensiya bu il də davam edir və hələ bundan sonra bir az da bahalaşacağını təkzib etmək mümkün deyil. Çünki bahalaşma üçün yeni il ərəfəsi də bir növ fürsət hesab olunur. Bəzən ərzaq məhsulları bayram gününə bir-iki gün qalmış bazarlara gətirilir və qeyd etdiyimiz kimi, işbazlar bu vəziyyətdən məharətlə istifadə etməyə çalışırlar. Bu baxımdan bayram öncəsi ərzaq məhsullarının tədarükünə, bazarların həmin məhsullarla yetərincə təmin olunmasına xüsusi diqqət tələb olunur. Qeyd olunduğu kimi, düzdür, bu məqsədlə hər yeni il öncəsi, hər bayram qabağı yarmarkalar təşkil olunur və həmin yarmarkalarda tələbatı ödəyəcək məhsulların, ələlxüsus ərzaq məhsullarının bolluğuna çalışılır, amma bu yarmarkalarda məhsulların kifayət qədər, tələbatı ödəyəcək qədər olub-olmadığı nəzarətdə saxlanılmalıdır ki, barəsində qeyd etdiyimiz hallar, nəticə də süni qiymət artımı olmasın.
Bilirik ki, adət-ənənələrimizə uyğun olaraq hər bir bayramda süfrələrimizi daha geniş çeşiddə ərzaq məhsulları, daha çox çeşiddə yeməklər bəzəyir. Milli mətbəxi olduqca zəngin olan Azərbaycan xalqının bayram süfrəsini də zəngin etdiyi hamıya bəllidir. Ölkəmizdə qonaq olan hər bir əcnəbinin Azərbaycan mətbəxinin, süfrələrimizin necə zəngin olması barədə təəssüratları barədə də eşidənlər az deyil. Xüsusən də bayram süfrələrimizdə ət və ət məhsullarının, xüsusən quş ətinin, balıq məhsullarının, eyni zamanda süd məhsullarının, meyvə və tərəvəzlərin olması bir növ adət halını alıb. Deməli, hər bir ailə bayram süfrəsini düzəltmək məqsədilə məhz bayram öncəsi bu məhsulları almaq üçün bazarlara üz tutur. Yəni, bazara demək olar ki, hər kəs yollanır. Bu isə o deməkdir ki, tələbin təklifi üstələmək riski artır. Bu riski görən işbazlar çox ciddi cəhdlə fürsətdən yararlanmağa çalışırlar və onların bu cəhdləri, əlbəttə ki, nəticədə qiymət artımına səbəb ola bilir.
Bütün bu qeyd olunanlarla yanaşı, onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, məhz ət və ət məhsullarına, xüsusən quş ətinə, balıq məhsullarına, süd və süd məhsullarına tələbatın daha çox olması fonunda artıq bazarlar həmin məhsullarla təmin olunub. Bunun elə bazarda olduğumuz zaman da şahidi oluruq və bu heç də təsadüfi deyil. Sevindirici haldır ki, ölkəmizdə heyvandarlığın, quşçuluğun inkişafı, süni su hövzələrində balıqçılıq təsərrüfatlarının yaradılması sayəsində həmin məhsulların bolluğu üçün heç bir əngəl yoxdur. Bazarlar həmin məhsullarla daxili istehsal hesabına təmin olunur. Əks halda həmin məhsullar xarici ölkələrdən idxal olunardı və həmin məhsulların qiyməti də dəfələrlə artıq olardı. Məhz daxili istehsal hesabına bazarların ərzaq məhsulları ilə təmin edilməsi bunun qarşısını alır deməkdə hər kəs haqlıdır. Düzdür, müəyyən qədər artımlar var, amma əgər məhsullar daxili istehsaldan deyil, idxaldan asılı olsaydı bu artımlar müqaisəyə belə gəlməzdi. Deməli, ölkə daxilində istehsal olunan məhsullarla bazarların təmin olunması hər zaman, xüsusilə bayramlar, ən çox da yeni il öncəsi öz aktuallığını qoruyur və bu baxından daxili istehsala üstünlük verilməlidir.
Bayram süfrəsini, yeni il süfrəsini bəzəyən təkcə milli mətbəximizin ləziz yeməkləri deyil. Süfrələrimizi meyvə və tərəvəzlər də bəzəyir. Deməli, meyvə və tərəvəzə olan tələbat da artır. Bu baxımdan bayram öncəsi meyvələrin, tərəvəzin qiymətində də artıma artıq öyrəşməyimiz başadüşüləndir. Yenə də bu artımları artıq görürük. Amma, qeyd olunduğu kimi, meyvə və tərəvəzin də idxaldan asılılığını minimuma endirmək lazım gəlir ki, bahalaşmanın qarşısını almaq olsun. Əgər meyvə-tərəvəz ölkəmizə idxal olunmuş olsa, bu zaman onları idxal edənlər süni qiymət artımına yol vermiş olarlar, daxili istehsal zamanı isə bu artıma qismən, özü də çox az təsir edə bilərlər. Düzdür, ölkəmizdə yetişdirilməsi mümkün olmayan, bu səbəbdən də xarici ölkələrdən idxal olunan meyvələr də var ki, süfrələrin bəzəyinə çevrilir, amma yaxşı ki, onlar azlıq təşkil edirlər və sevindirici haldır ki, ən çox istifadə edilən meyvələrin, hətta sitrus meyvələrinin belə əkilib-becərilməsi üçün Azərbaycanda münbit şərait var. Eyni zamanda bazarların daxili istehsal hesabına tərəvəzlərlə də təmin edilməsi müsbət tendensiyadır. Həqiqətən də bu gün Azərbaycanda tərəvəz istehsalı qənaətbəxşdir və bazarlarda da bunun şahidi oluruq. Məhz mövsümi tərəvəzlərin istehsalı üçün istixanaların yaradılması bu baxımdan əvəzolunmazdır. Bu gün ölkəmizdə bir çox sahibkar var ki, onlar məhz istixana şəraitində tərəvəz yetişdirir və daxili bazarlarımızın tərəvəzlə təmin olunmasında onların rolu həqiqətən də danılmazdır. Hətta daxili bazarlarda məhsul bolluğu yarandığı zaman həmin sahibkarlar öz məhsullarını ixrac da edirlər və bütün bu faktorlar bazarda qiymətə bilavasitə təsir edir.
Nəzərə alaq ki, yeni il, bayram ərəfəsindəyik, deməli bahalaşma prosesinin səngiməməsi anlaşılandır və bir də onu bilməliyik ki, bu ərəfə bahalaşma prosesi üçün bir fürsət də yaradır, amma əsas məsələ bu prosesin sürətlənməsinin qarşısını almaqdır. Əsas məsələ bahalaşma tendensiyasının dayandırılmasıdır, çünki bahalaşma prosesi dayanmasa, qiymət artımı davam etsə, bu, inflyasiyanın sürətinə təkan verə bilər, hansıki arzuolunan, yaxud normal hal sayılmır. Diqqətə çatdırmaq yerinə düşərdi ki, belə arzuolunmaz vəziyyətdən yararlanmaq üçün bir növ pusquda duranlar da var və onlar hətta pensiyaların, əmək haqlarının, sosial ödənişlərin belə gələn ilin yanvar ayından artırılacağını indidən nəzərə almaq arzusundadırlar. Onların bu arzularının reallaşması inflyasiyanın artmasına gətirib çıxara bilər və buna, inflyasiyanın artmasına qəti imkan vermək olmaz. Hökumətimizin hələ bu ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlaması da bu baxımdan təsadüfi deyil və bahalaşmanın qarşısının alınmasının vacibliyini təsdir edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB