Naxçıvandakı dəyişikliklər iqtisadiyyata müsbət təsir göstərəcək - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin ləğv edilərək Baş İdarə kimi fəaliyyət göstərməsi bir neçə aspektdən iqtisadiyyata mühüm təsir edəcək. Belə ki, ilk növbədə, korrupsiya hallarının qarşısını almaqda mühüm əhəmiyyət kəsb edəcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, ikinci məsələ Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi uzun illərdir ayrı bir sistem kimi fəaliyyət göstərirdi və Mərkəzi Gömrük Sisteminə inteqrasiya edilməmişdi: “Bu da yayınmalara və neqativ hallara yol açırdı. Bununla da bu məsələr aradan qalxacaq.

Həmçinin, bu yenilik iqtisadiyyatımıza müsbət təsir edəcək. Belə ki, ümumi büdcəyə daxil olmalar artacaq. Bu həm yerli Naxçıvan büdcəsinə əhəmiyyətli təsir göstərəcək, həm də ölkə büdcəsinə daxil olmaların miqdarını xeyli artıracaq”.

Eyyub Kərimli sözlərinə belə davam edib: “Digər tərəfdən, həm bölgədə fəaliyyət göstərən sahibkarlar artıq qanuni və dövlət tərəfindən rüsumlarla vergi ödəyəcəklər. Həmçinin, Naxçıvana digər bölgələrdən, əsasən də qonşu Türkiyədən gətirilən malların qiymətinin aşağı düşməsinə təsir göstərəcək. Belə ki, artıq rüsumlar qanuni müəyyənləşəndə və əlavə ödənişlər aradan qalxanda bu ucuzlaşmaya səbəb olacaq. Çünki neçə illərdir Naxçıvana hətta Azərbaycandan gedən məhsullara qanunsuz gömrük rüsumları tətbiq edilirdi. Bu da bahalaşmaya səbəb olurdu.

Bu gün biz Naxçıvanda bəzi qiymətlərə nəzər yetirsək, qiymətlər Bakıdan və Azərbaycanın digər bölgələrindən qat-qat baha idi. Çünki orada belə qanunsuz gömrük rusumları tətbiq edilmişdi.

Digər tərəfdən, bu, Naxçıvanın və bölgənin sahibkarlıq mühitinə müsbət təsir göstərəcək, onların fəaliyyətini stimullaşdıracaqdır. Çünki fəaliyyət üçün fəaliyyət üçün heç bir məhdudiyyət olmadığından orada həm ticari əlaqələrin möhkəmləndirilməsi, həm də sahibkarların fəaliyyətinin daha da təkmilləşdirilməsi və gəlirlərin daha da artmasına səbəb olacaq. Bu da ümumilikdə Naxçıvanda həm məşğulluq və əmək bazarına, həm də orada yaşayan insanların maddi rifahına müsbət təsir göstərəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə