Azərbaycanın etibarlı tərəfdaş kimi önəmi artmaqdadır – DEPUTAT ŞƏRH ETDİ

"Asiya ölkələrindən Avropaya uzanan ticarət zəncirinin bəlli səbəblərdən qırılması yeni geosiyasi və yeni iqtisadi reallıqları üzə çıxarıb. Ukraynada apardığı xüsusi hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar bu ölkədən indiyədək Avropa ölkələrinə istiqamət alan enerji daşıyıcıları ilə dolu boru kəmərlərində uzunmüddətli və sonu görünməyən fasilələr yaradıb. Buna baxmayaraq Avropa ölkələri həyati əhəmiyyətli enerji daşıyıcılarına çatmaq üçün alternativ variantlar axtarışındadırlar. Azərbaycan ən etibarlı ticarət tərəfdaşı kimi önəmli ölkələrdəndir. Azərbaycan üzərindən Orta Asiya və Cənub-Şərqi Asiya ölkələrinə daha geniş şəkildə çıxış Avropanın gündəmindədir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında da geniş məlumat verilib: “Bildirilib ki, Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur, buna baxmayaraq enerji və nəqliyyat layihələrimizin həyata keçməsi üçün gərgin işlərimiz davam edir. Buna ölkəmizin əlverişli coğrafi mövqeyi də imkan verir. Avropa ilə Asiyanın ortasında yerləşirik və bu üstünlük bizim seçim etməyimizə yardımçı olur. Ölkəmizdə həyata keçirilən yeni infrastruktur layihələri – Azərbaycandan Türkiyəyə və Avropaya uzanan dəmir yolları, genişzolaqlı magisral yollar bizə imkan verir ki, asiyalı və avropalı tərəfdaşlarımızı bizimlə yeni əlaqələr qurmağa cəlb edək. Bəzi beynəlxalq təşkilatlar bir neçə il bundan əvvəl nə Bakı-Tbilisi Qars dəmir yolu xəttinin, nə də Ələt Beynəlxalq Dəniz Limanının rentabelli olmayacağı barədə proqnozlar verirdilər. Əlbəttə, bütün bunlar Azğrbaycanı istəməyən qüvvələrin təxribatları idi. Azərbaycan bir daha sübut etdi ki, heç bir layihə proqnozlaşdırılmadan həyata keçirilmir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin təcrübəsi, hadisələri analizetmə qabiliyyəti, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycan Prezidenti çıxışında bu məsələyə toxunaraq qeyd edib ki, “beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə