Nizami Cəfərov: “Azərbaycan beynəlxalq aləmdə olan növbəti qələbəsini qazandı”

Nizami Cəfərov: “Azərbaycan beynəlxalq aləmdə olan növbəti qələbəsini qazandı”
"Eldar və Nİgarın qələbəsi böyük bir nailiyyətdir, Azərbaycanı dünyaya tanıdan böyük hadisədir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

O bildirib ki, Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi uğurda dövlət başçısının, birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətləri var: "Bu qələbə həm də Azərbaycana xalqının uğurudur. Hər işi təşkil etməkdən çox şey asılıdır. Dövlət başçısının iradəsi mövcud olan yerdə hər cür qələbələr qazanmaq olar".

Azərbaycanın bu qələbəsinə inanırdınızmı sualına N. Cəfərovun cavabı belə oldu: "Son illərdə Azərbaycanın Eurovision mahnı müsabiqəsində nailiyyətləri olub. Baxmayaraq ki, 4-cü dəfədir bu müsabiqədə təmsil olunuruq, ancaq birinciliyi qazanmağı heç kim gözləmirdi. Təbii ki, hər kəs birinciliyi gözləyirdi, lakin bu heç də asand məsələ deyildi. Çünki burada həmçinin danmaq olmaz ki, millətlər və dövlətlər arası münasibətləri rol oynayırdı. Bu müsabiqə bir daha sübut etdi ki, Azərbaycan tək mədəniyyəti və incəsənəti ilə deyil, eləcə də dünya ölkələri ilə çox gözəl münasibətləri ilə daima irəlidədir. Və hesab edirəm ki, bu münasibətlər hətta çox yüksək səviyyədədir. Bu da təbii ki, Azərbaycan beynəlxalq aləmdə olan növbəti qələbəsini qazandı".

"Azərbaycanın mədəniyyət tədbirlərinin təşkilində uğurları və təcrübəsi kifayət qədər çoxdur. Gələn ilki "Eurovision -2012" müsabiqəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq",- deyə o əlavə edib.

Nizami Cəfərov onu da qeyd edib ki, əsas olan odur ki, bu qələbə ardıcıl və dinamik bir xarakter daşıyır: "Qısa bir müddət ərzində çıxış etməsinə baxmayaraq bizim komandamız hər zaman fərqlənib. Azərbaycanın mədəniyyət, incəsənət sahəsində dünyaya inteqrasiyası sistemli şəkildə gedir. Dünya mədəniyyəti Azərbaycanda, Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur və mədəniyyətin bütün sahələri üzrə bizim nailiyyətlərimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə