Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına Xalq teatrının rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Seyidməmməd Mirvəli oğlu Əliyev vəfat edib. SİA-nın məlumatına görə, Seyidməmməd Əliyev 1954-cü ildə Sabirabad rayonunda anadan olub. 1973-1977-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1977-ci ildə Sabirabad Rayon Mədəniyyət Şöbəsində əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə çalışıb.
S.Əliyev 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Özfəaliyyət teatr rejissorluğu fakültəsinə daxil olub. 1987-ci ildən A.İsgəndərov adına Xalq teatrına rəhbərlik edib. O, 1997-ci ildə Qarabağ müharibəsi əlillərindən ibarət "Mübarizlər" teatr qrupunu yaradıb və ömrünün sonunadək həmin kollektivin rəhbəri olub. Bu kollektiv hər il mütəmadi olaraq ölkəmizin müxtəlif bölgələrində qastrol səfərlərində olub, vətənpərvərlik mövzusunda hazırladığı tamaşalar məktəblilər və gənclər tərəfindən böyük rəğbətlə qarşılanıb. "Mübarizlər" teatr qrupunun 2013-cü ildə hazırladığı "Xocalı harayı" tamaşası R.Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş olunub, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin diplomuna, iştirakçılar isə fəxri fərman və pul mükafatına layiq görülüblər. S.Əliyev həmçinin 1978-1981-ci illərdə keçirilən ənənəvi "Teatr baharı" festivallarının da fəal iştirakçı olub.
A.İsgəndərov adına Xalq teatrının 2013-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırladığı "Səndən sonra bu məmləkət sənsiz deyil, səninlədir" adlı tamaşa Bakı şəhərində geniş auditoriya qarşısında nümayiş olunub və mükafatlandırılıb. Kollektiv 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi II Respublika Xalq Teatrları Festivalında nümayiş etdirdiyi "Qisas qiyamətə qalmaz" tamaşası ilə III dərəcəli diploma layiq görülüb. Uğurlu fəaliyyətinə görə müxtəlif diplom və fəxri fərmanlarla mükafatlandırılan S.Əliyev 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti - 100" yubiley medalı təltif olunub.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB