Xalq şairi Fikrət Qocanın həyat və yaradıcılığına həsr edilmiş virtual sərgi hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın 85 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlayıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgi kitabxananın əməkdaşı tərəfindən şairin “Yaş o yaş deyil” şeirinin səsləndirilməsi ilə başlayır. Sonra onun həyat yolu haqqında məlumat verilir.

Virtual sərgidə şairin 6 və 10 cilddən ibarət olan seçilmiş əsərləri, Azərbaycan, rus və xarici dillərdə çap olunmuş kitabları, onun haqqında dövri mətbuatda dərc edilmiş məqalələr də yer alıb. Virtual sərgidə həmçinin, Fikrət Qocanın uşaqlıq və gənclik illəri, ailə həyatı, ictimai fəaliyyətini əks etdirən fotoqalereya da təqdim olunub.

Bundan əlavə, Respublika Gənclər Kitabxanası Fikrət Qocanın yubileyi ərəfəsində şair haqqında videoçarx da hazırlayıb. Videoçarxda şairin həyat və yaradıcılığından bəhs edilib, çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri, dünyanın bir çox ölkələrində yaradıcılıq səfərlərində olması, şeirlərinə bəstələnmiş musiqilər, tərcümələri haqqında ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə