Azərbaycan rəqqasları dünyanın ən çox izlənən TV şousunda

Azərbaycan rəqqasları Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - Yaz bayramına həsr olunan televiziya qala konsertində çıxış ediblər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti tamaşaçı sayına görə dünyada ən böyük televiziya əyləncə şousu olan qala konsertdə “Qaytağı” rəqsini ifa ediblər.

Qeyd edək ki, Çin Mərkəzi Televiziyası (CCTV) 1983-cü ildən bəri hər il yaz festivalının bayram axşamı ölkənin tanınmış incəsənət ustalarının və xaricdən dəvət olunan qonaqların iştirakı ilə qala konsert proqramını təqdim edir. Ötənilki qala konsertini televiziya və internet vasitəsilə 163 ölkədə 1 milyard 17 milyondan çox tamaşaçı izləyib. Həmin konsertdə ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov da çıxış etmişdi.

CCTV-nin qala konserti tamaşaçı sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.

Şərq ölkələrinin ay təqviminə əsasən, bu il yanvarın 25-i yeni ilin ilk günüdür. Bu bayram Çində həm də Yaz festivalı adlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə