“Müasir Belqradda Nikola Tesla” adlı foto sərgisi keçirilib FOTO
Serbiya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Landmarkda peşəkar fotoqraf Olivera Yankoviçin “Müasir Belqradda Nikola Tesla” adlı foto sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgini Azərbaycan tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova giriş sözü ilə açıb. Daha sonra çıxışı peşəkar fotoqraf Olivera Yankoviç davam etdirərək, qonaqlara sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verib. Hər bir fotonun yaranma tarixçəsindən və günün müxtəlif saatlarında əks olunan şəhər mənzərələrinin ecazkar gözəlliyindən bəhs edib.
Sərgi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, O.Yankoviç Belqradda anadan olub və təhsilini doğma şəhərində davam etdirib. Belqrad Universitetində əczaçılıq fakültəsi üzrə ixtisaslaşaraq maqistr təhsili alıb.
15 ildən artıqdır ki, foto sənəti ilə məşğul olur və onu əhatə edən hər şeyi- təbiəti, şəhərləri, dənizi və xüsusən də yağışdan sonra səmanı çəkməyə xoşlayır.
O.Yankoviç Serbiya Həvəskar Rəssamlar Cəmiyyətinin üzvüdür və cəmiyyətin gümüş medalına , 2016-ci ildə isə Serbiya Mədəniyyət və Təhsil Cəmiyyətinin qızıl medalı ilə təltif olunub.
Fotosərgidə fotoqrafın 19 əsəri nümayiş olunur.
Maraqlananlar üçün nəzərə çatdıraq ki, sərgi 9 oktyabr tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB