Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Komitəsi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Zirvədən boylanan mədəniyyətimiz" adlı sərgi-müsabiqə keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqə rəsm nominasiyası üzrə 8-12 və 14-16 yaş qrupları arasında keçirilib.
Yarışmada Sumqayıt şəhər Bülbül adına 2 saylı UİM-in, Ə.Bakıxanov adına UİM-in, Elit Təhsil və Karyera Mərkəzinin, Nizami Gəncəvi adına Kitabxana klubun və Şəhər Mədəniyyət Evinin dərnək üzvləri iştirak ediblər.
Müsabiqəyə 46 şagirdin 75 rəsmindən 49-u təqdim olunub.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Vaqif Nəzirov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov, Şair Əşrəf Veysəlli, abidələrin mühafizəçisi İradə Quliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlıdan ibarət münsiflər heyətinin qərarına əsasən, Mehdiyeva Səma (Ə.Bakıxanov adına UİM) I yerə, Həqiqət Ağayeva (Bülbül adına UİM) və Emil Məmmədli (Ə.Bakıxanov adına UİM) II yerə, Sahil Oruclu (Nizami Gəncəvi adına Kitabxana klub) və Öznur Qafarlı (ŞME) III yerə, C.Cabbarlı adına mədəniyyət evinin rəsm dərnəyinin üzvləri isə canlı çıxışa görə həvəsləndirici yerə layiq görülüblər.
Qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə Sumqayıt Dövlət rəsm Qalereyasının direktoru Ellada Həsənova, şair Əşrəf Veysəlli, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Əməkdar rəssam Vaqif Nəzirov çıxış edərək belə tədbirlərin istedadlı gənclərin öz bacarıq və qabiliyyətlərini üzə çıxarmasında müstəsna əhəmiyyətini qeyd edib, onlara uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində C.Cabbarlı adına mədəniyyət evinin "Turan" rəqs kollektivi, Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Elvin Qasımov, Tünzalə Məmmədova Kamil Ağazadənin ifasında vətənpərvər əhval-ruhiyyəli mahnılar ifa olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına düşmüş maddi mədəniyyətimizi aşılamaq, şagirdlərdə vətənpərvərlik hissini oyatmaq, gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxartmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB