ATMU ilə Elmi-Metodiki Mərkəz memorandum imzalayıb FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumunun imza mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, ölkəmiz daha bir mühüm tədbirə-25-27 apreldə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq ərəfəsində ATMU indiyədək formalaşan ikitərəfli əməkdaşlıq əlaqələrini ölkədaxili fəaliyyət sferasında daha da genişləndirir: "Bu gün ATMU ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında imzalanan Anlaşma Memorandumu mədəni münasibətlərin daha da intensivləşməsində və əməkdaşlığın möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir". Rektor bildirib ki, memorandumun şərtlərinə əsasən, Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, ölkəmizin turizm imkanlarının tədqiqi və turizmin inkişafının elmi əsaslarının hazırlanması istiqamətində birgə konfrans, simpozium, seminar və elmi praktik tədbirlər keçiriləcək.

Çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev əməkdaşlıq memorandumunun turizm və mədəniyyət sektorundakı problemlərin aradan qalxmasında həlledici olacağını vurğulayıb: "Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev hər zaman çıxışlarında turizm sahəsində boşluqların olduğunu və bu məsələnin həllində müəssisələrin əməkdaşlığının önəmini vurğulayır. Bu gün regionlarda yerləşən turizm xidmət obyektlərində çalışanların maarifləndirilməsi və beynəlxalq təcrübəyə əsasən, təlimatlandırılması, Mərkəzin "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" üzvlərinin dəstəyi ilə Universitet tələbələrinin müxtəlif mədəniyyət, turizm obyektlərində təcrübə keçməsi istiqamətində bir çox işlər görülməlidir. Bu baxımdan, ümid edirəm ki, bu anlaşma turizm və mədəniyyət sahələrinin inteqrasiyasında və xüsusilə, regionlarda bu sahələrdə fəaliyyət göstərən insanların təhsil probleminin həlli istiqamətində mütərəqqi nəticə verəcək".

Sonra Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, anlaşmanın müddəalarına həmçinin, qarşılıqlı informasiya, məsləhət və metodiki yardımların göstərilməsi, YUNESKO-nun Dünya Maddi İrs və Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə birgə tədbirlərin keçirilməsi daxildir. Memorandumun səmərəli icrası məqsədilə, müvafiq əmrə əsasən, koordinasiya qrupunun yaradılması qərara alınıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə