Britaniya ordusu Qəzzada atəşkəsə nəzarət üçün İsrailə hərbçilər göndərib

Böyük Britaniya Qəzza zolağında atəşkəsə nəzarət səylərinə dəstək məqsədilə bölgəyə ali rütbəli zabit və az sayda əsgər göndərib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi mülki-hərbi sabitləşdirmə qüvvələrinin tərkibində ikiulduzlu britaniyalı general ABŞ tərəfindən dəstəklənən Qəzza sabitləşdirmə missiyasının komandir müavini təyin olunub.

Müdafiə naziri Con Hili bildirib ki, az sayda britaniyalı planlaşdırma zabiti Mülki-Hərbi Koordinasiya Mərkəzinə qoşulub. Nazir qeyd edib ki, bu addım Böyük Britaniyanın ABŞ-ın təşəbbüsü ilə irəli sürülən münaqişədən sonrakı sülh planında fəal iştirakını təmin edəcək.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu yerləşdirmə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Qəzzadakı atəşkəsin sabitləşdirilməsi istiqamətində görülən beynəlxalq səylərə dəstək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə