Nazirin Qətər və Küveytə səfəri ölkə mətbuatında işıqlandırılıb FOTOLAR

Nazirin Qətər və Küveytə səfəri ölkə mətbuatında işıqlandırılıb FOTOLAR

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-dən 6-dək Qətər və Küveyt dövlətlərində səfərdə olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, keçirilən ikitərəfli görüşlərdə Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayevin Qətər və Küveyt dövlətlərində keçirdiyi görüşlər bu iki ölkənin mətbuatında geniş işıqlandırılıb. Qətərin "Gulf Times" qəzeti və nəşrin veb səhifəsində "Qətər-Azərbaycan əlaqələri müzakirə olundu" başlığı altında geniş məqalə dərc olunub. Məqalədə nazir Əbülfəs Qarayevin Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Jassim bin Məhəmməd Al-Tani ilə Doha şəhərində baş tutan görüşünə geniş yer verilib. Bildirilib ki, turizm sahəsində əməkdaşlığın müzakirə olunduğu görüşdə Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayev və Qətərin Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.

"Gulf Times" qəzetinin ölkəmizə həsr etdiyi digər yazı isə "Azərbaycandan bir parça" başlığı altında nəşr olunub və nəşrin veb səhifəsində yerləşdirilib. Məqalədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidin Azərbaycanın turizm potensialı, mətbəxi, mədəniyyəti, tarixi ilə bağlı təqdimatına yer verilib. Ölkəmizin qış turizmi imkanları "Şahdağ" Turizm Mərkəzinin timsalında geniş vurğulanıb, Bakıda təşkil olunan beynəlxalq tədbirlər-I Avropa Oyunları, Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin toplantısı və nəhayət, aprel ayının 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumatlar əksini tapıb.

Hər bir turisti Azərbaycanı kəşf etməyə səsləyən təqdimat yazısında ölkəmizin tarixi-mədəni abidələri, günəşli günlərin çoxluğu və dəniz sahili, regionların əsrarəngiz təbiəti, müalicə turizmi ilə bağlı geniş imkanlar, yaradılmış ən müasir infrastruktur oxucuların nəzərə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycanda tətbiq olunan sadələşdirilmiş viza şərtləri, Yaxın Şərq ölkələrindən Bakıya birbaşa aviareyslər, Qətər Hava Yollarının və "Fly Dubai" şirkətinin birbaşa sərnişin daşımaları qarşılıqlı səyahətləri asanlaşdıran və əlçatan edən əsas cəhətlərdir.

Qeyd edək ki, Qətərin "Al-Arab" və Küveyt Dövlətinin "Al-Watan" qəzetləri də nazir Əbülfəs Qarayevin səfərlərinə geniş yer ayırıb, dərc olunan məlumatlarda ölkəmizin turizm potensialı və yaradılmış imkanlar yerli oxucuların nəzərinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə