Əbülfəs Qarayev: "İslahatlarla bağlı işçilər ixtisar olunmayacaq" AÇIQLAMA

Əbülfəs Qarayev: "İslahatlarla bağlı işçilər ixtisar olunmayacaq" AÇIQLAMA

Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamı ilə bağlı münasibətini bildirib. SİA-nın verdiyi xəbərə görə, cənab nazir qeyd edib ki, bu gün ölkəmizdə dövlət idarəçiliyinin çevikliyinin yüksəldilməsi, idarəçiliyin təkmilləşdirilməsi, eyni zamanda, şəffaflığın artırılması məqsədi ilə, digər sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də islahatlar davam etdirilir: "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyində də bir sıra struktur dəyişiklikləri baş vermişdir. Sərəncama əsasən, nazirliyin strukturunda indiyədək mövcud olan 64 rayon mədəniyyət və turizm şöbəsi 15 regional idarədə birləşdirilir. Eyni zamanda, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır. 2017-ci ilin yanvarın 1-ə qədər yeni sistemə keçiləcək və həmin tarixdən bu sahənin mərkəzləşdirilmiş maliyyələşməsi təmin ediləcək".

Əbülfəs Qarayev vurğulayıb ki, dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"na uyğun olaraq, qəbul edilən bu qərar mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırmasına əlavə zəmin olacaq.

Qeyd edək ki, sonda nazir onu da diqqətə çatdırıb ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə