Toğrul Məmmədli: “Azərbaycan üçün multikulturalizm anlayışı artıq həyat tərzidir” AÇIQLAMA
"Ölkəmizin İpək Yolu üzərində yerləşməsi də tarixən multikulturalizm siyasətini aparmağa imkan verib". Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Toğrul Məmmədli deyib.
Toğrul Məmmədli bildirib ki, bu gün bəşəriyyətin müxtəlif növ siyasi, dini və hərbi münaqişələrlə üz-üzə durduğu bir zaman, millətlərarası dialoq və tolerantlığa böyük ehtiyac var: "Azərbaycan multikulturalizm istiqamətində böyük təcrübəyə malikdir. Tarixən ölkəmizin ərazisi müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh içində yaşadıqları bir məkan olub. Bu günümüzdə də Azərbaycan multikulturalizmə böyük əhəmiyyət verən bir ölkədir".
Onun sözlərinə görə, Azərbaycanda yaşayan istər köklü xalqlar, istərsə də digər xalqlar tarix dönəmində həmişə özlərinin mədəniyyətini, adət ənənələrini, nəinki qoruyub saxlayıblar, həmçinin onu inkişaf etdiriblər: "Eyni zamanda Azərbaycan xalqlarının ümumi adət ənənələri, birgə yaşayış tərzi də formalaşıb. Ölkəmiz əzəli tolerantlıq prinsiplərinə sadiq qalaraq onların dil, din və ədatlərinin fərqliliyi qoruyur, onların hər bir üçün eyni imkanlar şamil edir və bununla da Azərbaycan dünyaya multikulturalizm nümunəsidir"
Toğrul Məmmədli multikulturalizm sahəsinin ölkəmizdə inkişafı istiqamətində yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin reallaşdırdığı tədbir və layihələri də xüsusi qeyd edib: "Eyni zamanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar da öz növbəsində Azərbaycanın multikulturalizm mühitinin dünya miqyasında tanındığının göstəricidir.
Dünya praktikasına toxunan Toğrul Məmmədlinin sözlərinə görə, bu gün müxtəlif ölkələr multikulturalizm sahəsini öz daxillərində inkişaf etdirməyə çalışırlar, lakin bu hər zaman gözlənilən müsbət nəticəni vermir: "Belə ki, inkişaf etmiş, çoxmillətli ABŞ, İngiltərə, Fransa, İsveç, Avstraliya və başqa ölkələrdə polis nümayəndələrinin xüsusən qaradərili vətəndaşlara, buddistlərə, ərəb mənşəyi şəxslərə, yerli xalqlara, miqrant ailələrinəqarşı davranışları böyük narazılıqlara səbəb olur".
Bundan əlavə o, Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin 2011-ci ildə TF1 televiziya kanalına verdiyi müsahibəni yada salıb. Xatırladırıq ki, həmin müsahibədə Sarkozi rəsmi Parisin multikulturalizm siyasətini "tam uğursuz" adlandırmışdı.
Sonda Toğrul Məmmədli onu da vurğulayıb ki, multikulturalizm sahəsinin gələcək inkişafına hər bir vətəndaşımız öz töhfəsini verə bilər: "Bu gün Azərbaycanda (təkcə paytaxt Bakı yox, regionlarımızda da) məscid minarələrinin kilsə və sinaqoqlarla qonşu olması "Azərbaycan multikulturalizm modeli"nin uğurunu sübut edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB