Tibbi turizmə dair konfrans keçirilib FOTO

Tibbi turizmə dair konfrans keçirilib FOTO

XXI Azərbaycan Beynəlxalq Səhiyyə "BIHE - 2015" sərgisində tibbi turizmi inkişaf etdirmək məqsədi ilə xarici ölkələrdə müalicənin təşkili ilə məşğul olan 30-dan çox klinika öz xidmət və imkanlarını təklif edir. SİA-nın məlumatına görə, həmin tibb ocaqları arasında Gürcüstan, Latviya və Türkiyədə fəaliyyət göstərən klinika, sanatoriya və müalicəxanalar var. Bu il Türkiyə Səyahət Agentlikləri Birliyi (TURSAB) sərgiyə onlarca müxtəlif şirkət cəlb edib.

"BIHE - 2015" çərçivəsində "Tibbi turizmin inkişafında TURSAB ilə Azərbaycanın əməkdaşlığının rolu və əhəmiyyəti" mövzusunda konfrans keçirilib.

Konfransa Türkiyə Tibbi Turizm Komitəsi sədrinin müavini Ənvər Emre Afanyalı moderatorluq edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin rəisi Aydın İsmiyev, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev və digər çıxış edənlər bildiriblər ki, tibbi turizmin çoxəsrlik tarixi olsa da, termin kimi həyatımıza bu yaxınlarda daxil olub. Azərbaycanın müxtəlif guşələrində mineral sular, müalicəvi palçıq və neft, habelə duz mağaraları kimi təbii resurslar ölkəmizi kurort cənnəti adlandırmaq haqqı verir. Naftalan, Duzdağ, İstisu, Qalaaltı və digər məşhur müalicəvi kurortları qeyd etmək yetərlidir.

Tədbir iştirakçılarının fikrincə, konfrans Azərbaycanda müalicəvi turizmin inkişafına, türkiyəli həmkarlarla təcrübə mübadiləsinə və ölkəmizin müalicə-sağlamlıq turizmi ilə bağlı potensialı barədə ictimaiyyəti məlumatlandırmağa kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə